Yeni doğmuş ay bir ölkədə görsəndikdə,
onunla bağlı hökmlər digər ölkələrdə yaşayanlara məcburi deyildir.
Sual:
Islam alimləri Ramazan orucunun və bayramının
başlaması haqda böyük ixtilaf etmişlər. Bəziləri hədislərə, digərləri isə müasir astronomların dediklərinə
əsalanırlarsa bu nə dərəcədə doğrudur?
Cavab:
Doğru rəy Peyğəmbərin ona Allahın salavatı
və salamı olsun hədisinə: "Ayı görməklə imsak edin, həmçinin ayı
görməklə də iftar edin. Əgər ayı görə bilməsəniz onda sayını otuz edin"
- əsaslanmaqdır.
Allah
keçmişi və gələcəyi biləndir. O bizə, təzə doğmuş ayı gördükdə oruc tutmağı
fərz etmişdir. Bu məsələ alimlər arasında icmaya (ittifaqa) bənzər bir
məsələdir.
(Daimi elmi
araşdırmalar və fətvalar mərkəzi).
Sual:
Ölkə xaricində təhsil alan tələbələr orucluğun
başlaması və bitməsini bilməkdən ötrü, hansı ölkəyə tabe olmalıdırlar?
Cavab:
Bu sual, ayın müxtəlif çıxışları ilə əlaqəlidir. Alimlər ayın bir yerdə digər
yerdən tez görsənməsi haqda ixtilaf etmişlər və Daimi elmi araşdırmalar və
fətvalar mərkəzi də bu haqda tədqiqat aparmış və belə nəticəyə gəlmişdir ki:
Alimlərin
bəziləri ayın müxtəlif çıxışlarını qəbul edir (yəni: bir ölkədə görsənən ay
digərinə aid deyil), digərləri isə bunu etibarsız sayırlar (yəni: bir
ölkədə görülən ay bütün ölkələri əhatə edir). Hər iki rəyin alimləri Quran
və Sünnətdən dəlil gətirirlər. Sadəcə olaraq onların bu dəlilləri başa
düşmələrində fərq vardır.
Bu
məsələ üzərində böyük ixtilaf etmək elədə qorxulu deyil. Islam ümməti neçə
əsrlərdir ki yaşayır və bu müddət ərzində müsəlmanlar ayı görməkdə yekdil
olmamışlar. Hər bir dövlətin alimlər vasitəsi ilə iki rəydən birini seçməyə
haqqı vardır.
(Daimi elmi
araşdırmalar və fətvalar mərkəzi).
Sual:
Biz radio vasitəsi ilə Səudiyyə Ərəbistanında orucluğun başlanmasını eşidirik
amma biz hələ ayı görməmişik. Buna görə də bizim aramızda ixtilaf düşür,
bəziləri radio ilə eşitdiklərinə əsasən oruc tutur, digərləri isə ölkəmizdə
ayın görsənməsini gözləyirlər. Bu artıq bizim aramızda çox dəhşətli ixtilafa
gətirib çıxarıb xahiş edirik bizə bu haqda fətva verin?!
Cavab:
Ayın çıxış yerlərinin dəyişməsi şəriət və ağıl ilə dərk olunan məsələdir. Bəzi
alimlər bunu etibarlı, digərləri isə etibarsız sayırlar. Bunun səbəbi isə bu
məsələnin nəzəri məsələ olmasıdır. Ona görə də, islam alimləri deyilən məsələdə
ta qədimdən bu günə qədər ixtilaf etmişlər. Onların bəzisi bunu etibarlı,
digərləri isə etibarsız saymışlar. Onların hər biri Quran, sünnə və müqayisədən
dəlillər gətirmişlər. Ola bilsin hər iki tərəf eyni dəlili gətirsin amma bu
dəlili başa düşməkdə ixtilaf etsinlər. Amma bütün bunlara baxmayaraq deyilən
məsələ üzərində edilən ixtilaf alimlər arasında problemlər yaratmamışdır və
onlar bir-birlərinə qarşı ehtiramla yanaşırdılar. Buna görə də siz ayın
başqa ölkədə görülməsini eşitdikdə ayın başlamasını və bitməsini əmr sahibinə,
dövlətinizin başçısına həvalə edin. Əgər o orucluğun daxil olmasını, yaxud
olmamasını desə ona itaət etməyiniz vacibdir. Çünki hakimin hökmü belə
ixtilafları aradan qaldırır. Belə olduqda sizin aranızda olan müşkül məsələlər həll
olunar.
(Daimi elmi
araşdırmalar və fətvalar mərkəzi).
Sual:
Bütün islam dövlətləri, Səudiyyə
Ərəbistanında toplanıb Ramazan ayının başlanması və bitməsini eyni tarixə təyin
etmək üçün toplantı keçirmişdilər. Bəs nə üçün bu birlik baş tutmadı? Bu razılaşmaya
müxalif olan müsəlmanlar şəriət baxımından nə dərəcədə doğru hərəkət edirlər?
Cavab:
Islam dövlətləri heç vaxt Ramazan ayının eyni
vaxtda daxil olmasında yekdil rəyə gəlməmişlər. Çünki elm əhlinin dediklərinə
əsasən təzə ayın görsənməsi dövlətdən dövlətə fərqlidir. Hamıya məlumdur ki,
ayın çıxış nöqtələri arasında fərq mövcuddur. Bu mənanı təkid edən hədisi İmam
Müslim öz səhih kitabında rəvayət etmişdir. Və həmin
rəvayətdə deyilir: Ibn Abbasın (Allah ondan razı olsun) köləsi olan
Kureyb (Allah ona rəhmət etsin) deyir: Ummul Fadl bint əl-Haris (Allah
ondan razı olsun) məni Şam vilayətinə Müaviyənin (Allah ondan razı
olsun) yanına iş dalınca göndərmişdi. Mən Şama çatdım və onun işlərini
görüb qurtardım. Elə bu günlərdə Ramazan ayı başladı, mən isə hələ də Şamda
idim. Cümə gecəsi mən də təzə görsənən ayı gördüm. Sonra Ramazan ayının axır
günlərində Mədinə şəhərinə qayıtdım. Abdullah İbn Abbas (Allah ondan razı
olsun) məni görüb hal-əhval tutduqdan sonra təzə görsənən ay haqda danışdı
və "Təzə ayı nə vaxt görmüsünüz?" – deyərək soruşdu. Mən, təzə ayı
cümə gecəsi gördüymüzü ona xəbər verdim. O dedi: Sən öz gözlərinlə gördünmü?
Mən: "Bəli, mən və bütün camaat təzə ayı gördük, oruc tutduq və Müaviyə də
oruc tutdu" - deyərək cavab verdim. O dedi: Biz isə şənbə gecəsi görmüşük.
Ona görə də biz ayı görənə qədər oruc tutacayıq və ya otuz günü tamamlayacayıq.
Mən dedim: Məyər Müaviyənin (Allah ondan razı olsun) təzə ayı görməsi və
oruc tutması sənin üçün kifayət deyilmi? O dedi: Xeyr, Peyğəmbər (ona
Allahın salavatı və salamı olsun) bizə belə əmr etmişdir".
Hədisin
məsələyə dəlil olması aşağıdakı bəndlərdə açıqlanır:
· O zamanlar müsəlmanlar bir
dövlət idilər və Müaviyə (Allah ondan razı olsun) də onların xəlifəsi
idi. Ibn Abbas (Allah ondan razı olsun) da Müaviyənin (Allah ondan
razı olsun) xilafətini tanıyanlardan biri idi. Əgər ayın çıxışlarının
fərqli olması əhəmiyyət kəsb etməsəydi onda İbn Abbas (Allah ondan razı
olsun) və Mədinə şəhərinin camaatı Müaviyəyə (Allah ondan razı olsun)
müxalif olmazdılar.
· Kureyb (Allah ona rəhmət
etsin) Ibn Abbasa (Allah ondan razı olsun) özünün ayı görməsini və
camaatında da görməsini xəbər verdi. Kureyb (Allah ona rəhmət etsin) özü
etibarlı tabiinlərdən və Ibn Abbasın (Allah ondan razı olsun) ən inamlı
rəvayətçilərindən idi. Onun çox rəvayətləri Buxari, Müslim və digər kitablarda
mövcuddur.
· İbn Abbas (Allah ondan
razı olsun): " Peyğəmbər (ona Allahın salavatı və salamı olsun)
bizə belə əmr etmişdir" - deyərək cavab verir və bununla da məsələni
Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) nisbət edir. Ibn Abbas
(Allah ondan razı olsun) nə danışdığını yaxşı bilir. Həmçinin Peyğəmbərə
(ona Allahın salavatı və salamı olsun) nisbət etdiyi sözün məsuliyyətini
də dərk edirdi.
Amma
həcc zamanı Ərafat gününün eyni vaxta təsadüf etməsinə gəldikdə isə: Bu gündə
hamı eyni məkanda, Məkkədə olduğu üçün fikir də eyni olur. Əgər sən Məkkə
şəhərindəsənsə onda ölkənlə Məkkə arasında olan ixtilafın sənə və sənin həccinə
aidiyyatı yoxdur.
Allah
daha yaxşı biləndir.
Sual:
Səudiyyə Ərəbistanının Pakistandakı
səfirliyinin işçilərinin bəziləri Səudiyyə Ərəbistanı ilə, digərləri isə
Pakistan camaatı ilə Səudiyyədən üç gün sonra, oruc tutmuşlar. Bunun hökmü
nədir?
Cavab:
Şəriət dəlillərinin zahiri dəlalət edir ki, hər kəs yaşadığı yerə tabe olur və
onlarla oruc tutur. Peyğəmbər ona Allahın salavatı və salamı olsun
buyurub: "Oruc sizin oruc tutduğunuz, iftar iftar etdiyiniz, qurban isə
qurban kəsdiyiniz gündür".
Həmçinin
şəriət bizə camaat olmağı əmr etmiş, parçalanmaqdan və ixtilaf etməkdən isə
çəkindirmişdir. Həmçinin Ibn Teymiyyə demişdir: "Ayın çıxışlarının
müxtəlif olması haqda alimlər ittifaq ediblər".
Buna
əsasən, Pakistandakı səfirliyin, Pakistanla oruc tutan işçiləri daha doğru
etmişlər. Onlar, bu iki ölkənin uzaq və ayın çıxışlarının müxtəlif olduğundan,
Səudiyyə ilə oruc tutanlardan daha doğru etmişlər.
Müsəlmanların,
imkan daxilində, eyni vaxtda oruc tutub iftar etmələri şəriət dəlillərinə daha
yaxındır. Əgər bu mümkün deyilsə onda bu məsələnin həlli dediyimizdir.
(Şeyx, Əbdül Əziz ibn
Bəzz).
Sual:
Məsələn, Səudiyyə Ərəbistanında ramazanın ilk
günü şənbə günü, Əl-Cəzairdə isə bazar günü olduqda, Cəzairdə yaşayan Səudiyyə
ilə oruc tutubsa onun etdiyi nə dərəcədə doğrudur? O kiminlə iftar etməlidir?
Çünki o, Səudiyyə ilə iftar etsə onun ölkəsində oruc hələ davam edir, yox əgər
öz ölkəsində oruc tutarsa onun oruc başladığı ölkədə bayram gününə düşəcək.
Belə halda nə etməlidir?
Peyğəmbər
ona Allahın salavatı və salamı olsun buyurub: "Onu (ayı)
görməklə oruc tutun və onu (ayı) görməklə də iftar edin". Peyğəmbər ona
Allahın salavatı və salamı olsun orucun vacibliyini ayın görsənməsi ilə
bağlamışdır. Ay da, çıxışlarında müxtəlif olur (yəni bir ölkədə bu gün,
digərində isə başqa vaxt görsənir). Şəkk yoxdur ki, Səudiyyə ilə Cəzairin
ay çıxışları müxtəlif ola bilər. Hər bir insan yaşadığı yer və camaat ilə oruc
tutur və iftar edir. Yaşadığın ölkədən asılı olmayaraq sən, yaşadığın ölkə
camaatının hökmündəsən və sən onlarla iftar edir və onlarla da oruc tutursan.
(Şeyx Saleh ibn
Fovzan ibn Abdullah).
Sual:
Mən Şərqi Asiyadanam və bizim ölkəmizdə hicri
tarix Səudiyyə Ərəbistanından bir gün fərqlidir. Biz tələbələr də Ramazan
ayında ölkəmizə səfər edəcəyik. Peyğəmbərin ona Allahın salavatı və salamı
olsun sözünə uyğun olaraq Səudiyyə ilə oruc tutmuşuq, sonra Ramazan ayı
ərəfəsində ölkəmizə səfər edirik. Ayın sonunda 31 gün oruc tutmuş oluruq.
Sualım isə belədir: Bizim bu orucumuzun hökmü nədir və biz neçə gün oruc
tutmalıyıq?
Cavab:
Siz Səudiyyədə yaxud digər ölkədə oruc tutub sonra ölkənizə dönsəniz və ayın
qalan hissəsini də orada tutsanız, ölkənizdə iftar edilən vaxtı iftar edin.
Hətta bu 30 gündən çox olsa da belə edin. Amma 29 gün tamamlamasanız onda bir
gün qəza tutun. Çünki qəməri aylar 29 gündən az 30 gündən isə çox olmur. Allah
hər şeyi yoluna qoyandır.
(Şeyx, Əbdül Əziz İbn
Bəzz).
Sual:
Bütün müsəlmanlar müxtəlif ölkələrdə eyni
vaxtda oruc tutmalıdırlarmı? Bəzi qeyri müsəlman ölkələrdə yaşayan müsəlmanlar
necə oruc tutmalıdırlar?
Cavab:
Bu məsələdə elm əhli ixtilaf etmişlər. Yəni: Bir müsəlman ölkəsində ayın
göründüyü və isbat olunduğu halda digər müsəlman ölkələr buna riayət
etməlidirlərmi?
Alimlərin
bəziləri digər ölkələrin də buna riayət etməsinin lazım olduğunu deyirlər.
Dəlilləri isə bunlardır:
"Ramazan
ayına yetişən şəxslər bu ayı oruc tutmalıdırlar. Xəstə və ya səfərdə olanlar
isə tutmadıqları günlərin sayı qədər başqa günlərdə tutsunlar".
əl-Bəqərə-185
"Onu
(ayı) gördükdə oruc tutun". Bu
xitab bütün müsəlmanlaradır.
Həmçinin
hamıya məlumdur ki, hər kəsin ayın doğmasını görməsi şərt deyil. Bunu bir neçə
nəfər görərsə bu kifayətdir. Bu da bütün ölkələri əhatə edir.
Digər
alimlər isə demişlər ki, əgər ayın çıxışları müxtəlif olarsa bu zaman hər
ölkənin öz ayı görməsi vardır. Əgər ayın çıxışları müxtəlif olmazsa (yaxın
ölkələrdəki kimi) bu zaman hamı eyni etməlidir. Bu alimlər də birinci rəyin
alimlərinin dəlillərini əsas gətirirlər.
"Ramazan
ayına yetişən şəxslər bu ayı oruc tutmalıdırlar. Xəstə və ya səfərdə olanlar
isə tutmadıqları günlərin sayı qədər başqa günlərdə tutsunlar".
əl-Bəqərə-185. Hamıya məlumdur ki, burada məqsəd hər kəsin ayı görməsi qəsd
olunmur. Ay görülən ölkədə və ayın çıxışları müxtəlif olmayan ölkələrdə
(bir-birinə yaxın ölkələrdə) buna riayət edilir. Amma ayın çıxışlarında eyni
olmayan ölkələr isə ayı nə həqiqi nə də hökmü olaraq görməmişlər.
Həmçinin
Peyğəmbərin ona Allahın salavatı və salamı olsun sözünün açıqlamasında isə
deyirik: "Onu (ayı) gördükdə oruc tutun və onu gördükdə də iftar
edin". Başqa ölkədə olan adam, digər ölkədə ayı görənlə ayın
çıxışlarında eyni deyil. Bu adam ayı nə həqiqi nə də hökmü ilə görmüşdür.
Həmçinin
aylıq vaxtlar da gündəlik vaxtlar kimidir. Necə ki, ölkələr gündəlik iftar və
imsak vaxtlarında müxtəlifdirlər həmçinin də aylıq vaxtlarda da müxtəlifdirlər
və bu ixtilaf olmalıdır. Məlum olduğu kimi gündəlik vaxt ixtilafının təsiri
vardır. Dünyanın şərqində yaşayan qərbində yaşayandan əvvəl oruc tutur və oruc
açır. Deməli gündəlik vaxtda çıxışların müxtəlifliyi aylıq vaxtda olan
çıxışların müxtəlifliyinin hökmü kimidir.
Həmçinin
heç kəs deyə bilməz ki, bu ayədə: "Artıq siz onlara yaxınlaşın, Allahın
sizə halal etdiyini onlardan istəyin. Sübh açılınca, ağ sap qara sapdan
fərqlənincəyə qədər yeyib için. Sonra gecəyə qədər orucunuzu tamamlayın"
əl-Bəqərə-187. Həmçinin bu hədisdə: "Gecə bu tərəfdən gəldikdə, gündüz də
bu tərəfdən getdikdə və günəş batdıqda artıq oructutan iftar etmiş
sayılır". Heç kəs deyə bilməz ki, bu bütün ölkələrdəki müsəlmanlara
aiddir. Eləcə də Allah təalənin digər ayəsi haqda da belə deyirik: "Ramazan
ayına yetişən şəxslər bu ayı oruc tutmalıdırlar" əl-Bəqərə-185. Hədis
haqda da belə deyirik: "Onu (ayı) gördükdə oruc tutun və onu gördükdə
də iftar edin".
Gördüyün
kimi bu rəy ləfzinə, düzgün nəzəriyyəsinə və doğru müqayisəsinə görə daha
güclüdür. Bu rəydə gündəlik vaxtın aylıq vaxta müqayisə edilməsi təmamilə
doğrudur. Başqa bir rəyə görə isə bu iş əmr sahibinin, dövlət başçısının
əlindədir. O, şəriət dəlilləri əsasında dediyi vaxt oruc tutulur və iftar
edilir ki, insanlar arasında ikitirəlik və ixtilaf düşməsin. Bu alimlərin
dəlili isə budur: "Orucluq oruc tutduğunuz gündür, iftar isə iftar
etdiyiniz gün". Amma sualın ikinci hissəsinin cavabı isə belədir: Kafir
ölkələrdə yaşayıb ayı görə bilməyən müsəlmanlar isə onlara yaxın olan
ölkələrdən götürməlidirlər.
(Əd-Dəvət kitabı, 5-ci cild, İbn Useymin, (2/ 152-156))
Sual:
Ramazan və ya şəvval aylarının daxil olmasını bildirən yeni ayın doğuşu islam
ölkələrində fərqlidir. Həmin dövlətlərin hansısa ayı gördükdə bütün dünya
müsəlmanları oruc tutmalıdırlar?
Cavab:
Yeni ayın görsənməsi haqda alimlər ixtilaf ediblər. Bəziləri deyirlər ki, əgər
hansısa ölkədə şəriət qanunlarına uyğun olaraq ramazanın yeni doğmuş ayı
görsənibsə bütün müsəlmanlar oruc tutmalı, şəvval ayının yeni doğmuş ayı
görsənibsə onda bütün müsəlmanlar oruclarını açmalıdırlar (iftar etməlidirlər).
Bu fikir imam Əhmədin (Allah ona rəhmət etsin) məşhur rəyidir. Bu rəyə
görə, əgər ramazan ayının daxil olmasını və ya bitməsini bildirən yeni ay
doğuşunu Səudiyyə Ərəbistanında görsələr, onda bütün dünya müsəlmanlarına oruc
tutmaq və ya iftar etmək vacib olmalıdır. Bu məsələdə onların əsas dəlilləri Allah təalənin
ayəsidir: "(ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc
tutmalıdırlar;..." (əl-Bəqərə: 185). Hədislərdən olan dəlilləri
isə Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) sözünün ümumi
mənasıdır: "Yeni doğulmuş ayı gördükdə oruc tutun və onu gördükdə də
iftar edin".
Digər
alimlər isə deyirlər: Bir ölkədə Ramazan və ya şəvval aylarının daxil olmasını
bildirən ayın doğuşunu gördükdə digər ölkələrə oruc tutmaq və ya iftar etmək
vacib deyildir. Yalnız ayı görənlərə və ayın çıxış nöqtələrində bir-birləri ilə
eyni olanlara vacibdir. Çünki mütəxəssislərin yekdil rəylərinə görə ayın çıxış
nöqtələri dəyişikdir. Əgər ayın görsənməsi ixtilaflı olarsa onda hər ölkənin öz
görməsi ilə hökm verilməlidir. Həmin hökmlər ayın çıxışlarında müttəfiq olan
ölkələrə də şamil edilir. Bu rəy Ibn Teymiyyənin (Allah ona rəhmət etsin)
ixtiyar etdiyi rəydir. O bu məsələyə dəlil olaraq Allah təalənin bu ayəsini: "(ramazan
ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar" (əl-Bəqərə: 185)
və Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) bu hədisini: "Onu
gördükdə oruc tutun və onu gördükdə də iftar edin" – buyurmuşdur.
Ibn Teymiyyənin gətirdiyi dəlil birinci rəyin dəlili ilə eynidir. Fərq sadəcə
olaraq dəlillərin başa düşülməsindədir. Ibn Teymiyyə (Allah ona rəhmət
etsin) deyir: Ramazan ayının daxil olmasını bildirən ayın görünməsi onu
görən və şahidlik edənlə bağlıdır. Dəlilə əsasən məsələnin hökmü ayı görməyən
və şəhadətlik etməyənlərə aid deyildir. Ona görə də hansısa ölkədə (ramazan
ayının daxil olmasını bildirən və s.) ayın görsənməsi bütün ölkələrə aid
edilə bilməz. Bu dəlildən çıxarılmış çox güclü mənadır. Bu mənanı nəzəriyyə və
müqayisə də təsdiq edir.
(Şeyx: Ibn Useymin)
Şeyx
Albani (Allah ona rəhmət etsin!) "Təmamul Minnə" adlı kitabında ramazan
ayının başlayıb bitməsi haqda alimlərin üç müxtəlif rəyinə münasibət bildirir və
cümhurun rəyini (yəni, ayın başlayıb bitməsi təzə doğmuş ayın görsənməsi ilə
edilir.) - daha üstün tutur. Və harada yaşamasından asılı olmayaraq ayın
görsənməsi xəbərini eşidən hər bir kəs bu xəbərə əməl etməlidir. Lakin mən
hesab edirəm ki, İslam dövlətləri buna əməl edənə qədər mən hər bir dövlətin
əhalisinə öz dövləti ilə oruc tutub açmasını məsləhət edirəm. Bəziləri öz
ölkəsi, bəziləri isə başqa ölkə ilə oruc tutaraq öz aralarında parçalanma yaratmasınlar.
Çünki bu bir millət arasında ixtilafları daha da genişləndirir. Biz artıq bir
neçə ildir ki, bəzi ərəb dövlətlərində bunun şahidi olmuşuq. Allah daha yaxşı
biləndir!". (Təmamul
Minnə: cild 1, səh 398. (Fətva dəqiq, müxtəsər tərcümə edilmişdir).)