Bazar, 19.05.2024, 05:44
Əssələmu aleykum, Qonaq | RSS

Abubakr.Ucoz.Ru

Saytın Menyusu
Ən çox baxılanlar
Statistika

Cəmi onlayn: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Əsas səhifə » 2014 » İyun » 4 » SƏQƏLEYN HƏDİSİNİN ŞƏRHİ - Abu Zeyd - 2-ci hissə
22:30
SƏQƏLEYN HƏDİSİNİN ŞƏRHİ - Abu Zeyd - 2-ci hissə
SƏQƏLEYN HƏDİSİNİN ŞƏRHİ

BİRİNCİ ƏMANƏT: "QURAN”



Səqəleyn hədisində qeyd olunan birinci və ən böyük əmanət, Allahın kitabı Qurandır. Bu hədisi əhli-sünnətə qarşı dəlil olaraq irəli sürən və bütün nəzərləri ikinci əmanətə (Əhli-beytə) yönəltmək istəyən şiələr birinci əmanəti – Quranı unutmuşdurlar. Bu əmanəti qoruyan, bu əmanətə (Qurana) sadiq qalan və onunla əməl edən, ona düzgün münasibət bəsləyən kimlərdir? Əhli-sünnət yoxsa şiələr?
Birincisi: Elə Peyğəmbərin (salləllahu aleyhi və səlləm) sağlığında ikən, Quranı yazmaq işi onun tərəfindən səhabələrinə tapşırılmışdır. Bu dövrdə yazıdan çox əzbərləmək ön planda idi. Çünki hafizələr güclü idi. Yazı üçün lazım olan alətlər isə az idi. Bu səbəbdən Quran tam bir müshəf halında toplanmamışdır. Quranı tam olaraq əzbər bilən bir çox səhabə var idi. Ancaq hər nazil olan ayə əzbərlənməklə birlikdə yazılırdı. Osmandan (radiyallahu anh) belə dediyi nəql olunmuşdur:"Peyğəmbərə bir ayə nazil olduğu zaman, vəhy katiblərindən birini çağırar və belə deyərdi: Bu ayələri bu, bu mövzuların olduğu surəyə qoy!” (Nəsai 7008, Əbu Davud 786, Tirmizi 3086, Əhməd 399). Beləliklə səhabələr, Peyğəmbərin sağlığında Quranın hamısını yazmışdılar. Dörd raşidi xəlifə, Zubeyr ibn Əvvam, Ubey ibn Kəb, Zeyd ibn Sabit, Muaviyə ibn Əbi Süfyan və Məhəmməd ibn Məsləmə Quranın katibliyini etmiş səhabələrdəndir.
İkincisi: Əbu Bəkrin (radiyallahu anh) xilafəti zamanı Quranın yazılması. Bütün bunlarla birlikdə, Peyğəmbər (salləllahu aleyhi və səlləm) vəfat etdiyi zaman Quran, nə vəhy katiblərinin nə də digər səhabələrin əlində tam bir müshəf halında deyildi. Yazılı nüsxələr müxtəlif şəxslərdə dağınıq bir halda idi. Bir surə bir səhabənin, başqa bir surə isə başqa bir səhabənin evində idi. Əbu Bəkrin (radiyallahu anh) xilafəti zamanı h.12-ci ildə Yəməmə döyüşündə çoxlu sayda Quran hafizi şəhid edildi. Bu səbəbdən Ömər (radiyallahu anh) Əbu Bəkrə (radiyallahu anh) təklif etdi ki, Quranı bir müshəf halında toplasın. Əbu Bəkr (radiyallahu anh) isə bu şərəfli və məsuliyyətli işi Zeyd ibn Sabitə (radiyallahu anh) həvalə etdi. Çünki o (radiyallahu anh), elə Peyğəmbərin sağlığında Quranı ən mükəmməl şəkildə, tam olaraq əzbər bilən dörd nəfərdən biri idi. Bu dörd nəfər: Ubey ibn Kəb, Muaz ibn Cəbəl, Əbu Zeyd və Zeyd ibn Sabitdir(radiyallahu anhum). Ömər (radiyallahu anh)camaata elan edib bildirdi ki, kimdə Qurandan bir yazı varsa, gətirsin! Zeyd (radiyallahu anh) deyir ki: "Mən də Quranı xurma yarpaqları üzərindəki, daş üzərlərindəki yazılardan və əzbərdən bilən insanların qəlblərindən topladım.” Onun Quranı toplayarkən qoyduğu şərtlər belə idi: 
a. Gətirilən ayələrin əzbərlənmiş olması.
b. Peyğəmbərin hüzurunda yazılmış olması.
c. Bütün bunların da ən azı iki şahidin şahidliyi ilə isbat edilməsi.
Zeyd (radiyallahu anh) Allahın kitabını əzbər bildiyi halda, ona həvalə olunmuş bu məsuliyyətli işə bu qədər ciddi yanaşdı. Bir ilə yaxın bir müddət içərisində Quranın toplanması işi tamamlandı. Daha sonra Zeyd (radiyallahu anh), Quranın müshəfini Əbu Bəkrə (radiyallahu anh) təhvil verdi. Müshəf, vəfat edincəyə qədər Əbu Bəkrin (radiyallahu anh) yanında qaldı. Daha sonra həyatı boyunca Ömərin (radiyallahu anh) yanında, sonra da Ömərin qızı Həfsənin (radiyallahu anhumə) yanında qaldı.
Üçüncüsü: Osmanın (radiyallahu anh) xilafəti zamanı Quranın yazılması. Bu hadisə h.25-ci ildə baş vermişdir. Beləki, müsəlmanlar Hüzeyfə ibn Yəmənin(radiyallahu anh) başçılığı ilə Ermənistana və Azərbaycana cihada çıxmışdılar. Bu döyüşdə Şam camaatı ilə Küfə xalqı bir yerdə idi. Həmin vaxt Hüzeyfə (radiyallahu anh) görür ki, bu iki bölgənin əhalisi Quranın bəzi kəlmələrinin oxunuşu barəsində ixtilafa düşür. Çünki Küfə xalqı Abdullah ibn Məsudun (radiyallahu anh) qiraəti ilə, Şam əhalisi isə Ubey ibn Kəbin (radiyallahu anh) qiraəti ilə oxuyurdular. Bu ixtilaf Hüzeyfəni (radiyallahu anh) qorxutdu və o, Mədinəyə, İmam Osmanın (radiyallahu anh) yanına gələrək bu ixtilafı həll etməsini istədi. Osman (radiyallahu anh) da Ömərin qızı Həfzəyə (radiyallahu anhə) xəbər göndərərək:
"Əlindəki müshəfi bizə göndər ki, biz də onu çoxaldıb sənə qaytaraq” dedi. Həfzə də müshəfi Osmana göndərdi. Osman da bu müshəfi çoxaltmaq üçün Zeyd ibn Sabiti, Abdullah bin.Zubeyri, Səid ibn əl-Ası və Abdurrəhman ibn əl-Haris ibn Hişamı seçdi. Bu şərəfli iş tamamlanandan sonra Osman, müshəfi Həfzəyə qaytardı və bu Quranın xaricində nə qədər nüsxə var idisə, onları yandırmağı əmr etdi. (Buxari 4987, Fəthul-Bəri 9/11). Osman bu işi səhabələr ilə məsləhətləşəndən sonra etmişdir. Bu barədə Əli (radiyallahu anh) belə deyir: "Allaha and olsun ki, müshəflərə etdiyini bizimlə məsləhətləşəndən sonra etmişdi. Osman belə dedi: "Mən insanları bir müshəf ətrafında toplamağı məqsədə uyğun bilirəm...” Biz də: "Sənin bu fikrin çox doğru bir fikirdi, dedik.” (İbn Əbid-Dünya "Kitabul-Məsahif” 22, Xətib "əl-Fəslu li vusulil-Mudrək” 2/954). Musab ibn Sad isə belə demişdir: "Osman digər (səhabələrin əlində olan və özlərinin yazdığı) müshəfləri yandırmaq istəyəndə, hər kəs bu işi bəyəndi və heç kəs etiraz etmədi.” (İbn Əbid-Dünya "Kitabul-Məsahif” səh.16)
Bütün bunlardan sonra ortaya belə bir sual çıxır: Allah Quranı kimlərin əli ilə qorumuşdur? Şiələrin yoxsa, onların nif-rət etdikləri kişilərin?! Bax, "Səqəleyn”hədisini əhli-sünnətə qarşı dəlil gətirən şiələr ilk növbədə bu suala cavab verməlidirlər.
Dördüncüsü: Quranın 14 qiraəti mövcuddur. Bu qiraətlər-dən 7-si əsas, 3-ü köməkçi və 4-ü şəzz qiraətlərdir. [4] Bu gün yer üzərində olan milyonlarla müsəlman(məzhəbindən aslı olmayaraq) Quranı bu 10 qiraətdən birinin vasitəsi ilə oxuyurlar. Bu 10 qiraət mütəvatir (çoxsaylı) sənədlə Peyğəmbərin (salləllahu aleyhi və səlləm) səhabələrindən nəql olunmuşdur. Səhabələr də, bu qiraət formalarını Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) öyrənmişdirlər.
Şübhəsiz ki, Quran, bu on qarinin (Quran bilicilərinin) sayəsində qorunmuşdur. Bu on qarinin hamısı da əhli-sünnət-dəndir. Yəni, Quranın oxunuş qaydalarını Peyğəmbərin əshabın-dan nəql edən ravilərin hamısı əhli-sünnətin raviləridir. Deməli, Quran bizə əhli-sünnət yolu ilə nəql olunmuşdur. Bunların içərisində bir dənə də olsa şiə ravisi yoxdur. Bəs hanı sizin Qurana olan xidmətləriniz? Axı o, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) bizə tərk edib getdiyi ən böyük əmanətidir. Harada qaldı "Səqəleyn”hədisinə tabeçilik? Haradadır əhli-beyt imamlarından nəql etdiyiniz Quran? Nə üçün Zürarə ibn Əyun, Cabir əl-Cofi və Əbu Bəsir kimi raviləriniz İmam Cəfərdən minlərlə hədis rəvayət etdikləri halda, ondan və digərlərindən Quran (qiraətini) nəql et-məyiblər? İmam Cəfərin vasitəsi ilə Quran qiraəti nəql edən qari Həmzə əz-Zəyyatdır. Bu qari də əhli-sünnətdəndir. (İbn əl-Cəzəri "ən-Nəşru fil-qiraətil-aşara” 1/133, Zəhəbi "Siyəru Əlamin-nubəla” 7/90) Bəs haradadır şiə raviləri? Şübhəsiz ki, şiələrin Quran üçün nə Peyğəmbərdən (salləllahu aleyhi və səlləm), nə də onun əhli-beytindən bir sənədləri yoxdur. Bu gün də yer üzərində yaşayan bütün şiələr, Quranı bu 10 qiraətdən biri ilə oxuyurlar. Deməli, onlar dinin əsas təməllərindən biri olan Quran barəsində əhli-sünnətə möhtacdırlar. Quranı bizə nəql edən on qari isə bunlardır: 
1. Mədinəli qari İmam Nafi ibn Abdirrəhman (vəfatı hicri:169)
2. Məkkəli qari İmam Abdullah ibn Kəsir (v.h.120)
3. Bəsrəli qari İmam Əbu Amr ibn Ala (v.h.154)
4. Şamlı qari İmam Abdullah ibnşAmir (v.h.118)
5. Küfəli qari İmam Asim ibn Əbin-Nəcud (v.h.128)
6. Küfəli qari İmam Həmzə ibn Həbib əz-Zəyyat (v.h.156)
7. Küfəli qari İmam Əli ibn Həmzə əl-Kisai (v.h.189)
8. Mədinəli qari İmam Əbu Cəfər Yezid ibn əl-Qaqa (v.h.128)
9. Bəsrəli qari İmam Yaqub ibn İshaq (v.h.205)
10. Bağdadlı qari İmam Xələf ibn Hişam (v.h.229) [5]
Bu on qiraət forması 13 səhabədən: Ömər ibn Xəttab, Osman ibn Əffan, Əli ibn Əbi Talib, Zeyd ibn Sabit, Ubey ibn Kəb, Abdullah ibn Abbas, Abdullah ibn Məsud, Abdullah ibn Əyyaş, Abdullah ibn əs-Saib, Əbu Musa əl-Əşari, Əbu Dərda, Əbu Hureyrə və Hüseyn ibn Əlidən (radiyallahu anhum) nəql olunmuşdur. Quranın qiraətini əhli-beytdən: Əli, İbn Abbas və Hüseyndən rəvayət edən məhz əhli-sünnətin raviləridir. Biz, bu ravilərin içərisində bir dənə də olsa şiə ravisi görə bilmirik. Şiələrdən bəziləri iddia etmişdir ki, İmam Asim və onun tələbəsi Həfs şiə olmuşdur. Bu iddiaya qarşı bir neçə yöndən cavab vermək olar.
1. Şiələr əhli-beyt imamlarından Quran üçün bir dənə də olsa, şiə ravilərindən ibarət sənədin mövcudluğunu isbat etməkdən aciz qaldıqları vaxt, belə bir yalan iddianı irəli sürdülər. 
2. Əgər İmam Asimin qiraətinin ravilərinin küfəli şiələr olduğunu iddia edirsinizsə, bu idianızı açıq dəlillər ilə isbatlamalısınız. Siz, Əhli-sünnətin rical kitabları(yəni: ravilərin kimliyindən bəhs edən əsərlər) ilə bunu isbatlaya bilərsinizmi? Əgər bunu, bizim kitablarımızla isbatlamağı bacarmırsınızsa, o zaman onların şiə olduqlarını öz rical kitablarınızla isbat edin!
3. Şiələrin ən mötəbər rical kitablarının müəllifləri olan Kəşşi, Hilli, Nəcaşi, İbn Davud, Bərqi və Xəqani öz kitablarında Həfs ibn Süleymanın həyatına (tərcümeyi-halına) yer verməmişdirlər. Yalnız Tusi öz ricalında onun tərcümeyi-halına yer vermiş və Həfsi İmam Cəfərin tələbələrindən saymışdır. ("Rical ət-Tusi” səh.189) Ancaq onun şiə, yaxud etibarlı və ya yalançı ravi olduğunu qeyd etməmişdir. Ayətullah ət-Tustəri də "Qamus ər-rical” (3/582) əsərində Həfsin tərcümeyi-halına yer vermiş, ancaq onun şiə ravisi olduğunu isbat edə bilməmişdir.
4. Sual verilsə ki: "Onun, İ.Cəfərin tələbələrindən olması, şiə olmasının isbatı deyilmi?” Cavabım belə olacaq: "Əlbətdəki xeyr”. Çünki şiə alimlərinin özlərinin də dediyi kimi, imamların əshabı (yəni: dostları, tələbələri) içərisində nəinki əhli-sünnət raviləri, hətta əhli-beytin düşməni olan nəvasiblər də olub. Məsələn, şiə müəlliflərinə görə Əhməd ibn əl-Xasib adlı şəxs İmam əl-Hədinin əshabından sayılır. Ancaq o, nasibi (əhli-beyti söyən) idi. (ət-Tustəri "Qamus ər-rical” 1/180)
5. Xülasə, bilmək lazımdır ki, nə isə iddia etmək asan ola bilər. Amma əsas olan iddia etmək yox, o iddianı isbat etməkdir. Şübhəsiz ki, isbatı olmayan iddianı irəli sürməkdən də heç kəs aciz deyil.
Beşincisi: Bu yerdə belə bir sual ortaya çıxır. Quranı Əbu Bəkr (radiyallahu anh) cəm etdiyi və onu Osman (radiyallahu anh) çoxaltdığı və onun qiraətini əhli-sünnət qariləri nəql etdiyi halda, necə olur ki, şiələr bu Quranı qəbul edirlər? Onlar nəql edəni (yəni, səhabələri) qəbul etmədikləri halda, necə olur ki, nəql olunanı (yəni: Quranı) qəbul edirlər? Quranın oxunuş şəklini rəvayət edən və beləcə Quranı bizə çatdıran əhli-sünnətin bu imamları (raviləri), o cümlədən də peyğəmbər hədislərini rəvayət etmiş və bizə çatdırmışlar. Bu hədislərin hamısı əhli-sünnətin hədis kitablarında mövcuddur. Şiələr onlar tərəfindən rəvayət olunan Quranı qəbul etdikləri halda, nə üçün onların nəql etdikləri sünnəti (hədisləri) qəbul etmirlər?
Bütün bu sualların cavabında deyirəm: Elə bu səbəblərə görə şiələrin bir çox alimi Quranın qorunmadığına və təhrif edildiyinə etiqad etmişdir. Hətta Quranın dəyişdirildiyini isbat etməkdən ötrü kitablar yazmışlar. 
Əli ibn İbrahim əl-Qummi [6] öz təfsirində bu etiqadını belə açıqlayır: "Quranda dəyişilmiş, dəyişdirilmiş və...Allahın nazil etdiklərinin əksinə olan yerlər var.” Daha sonra o, dəyişdirilmiş və Allahın nazil etdiyi əsl Qurana muxalif olduğunu iddia etdiyi çoxlu sayda ayəni və buna dair məsumlardan nəql etdiyi hədisləri misal göstərir (Təfsirul-Qumminin müqəddiməsinə bax!).
Muhəmməd ibn Yaqub əl-Kuleyni [7] öz etiqadını bu barədə olan hədisləri kitabında rəvayət etməsi ilə bəyan etmişdir. Həmin rəvayətlərdən ikisini qeyd edirəm. Cəfər əs-Sadiq deyir: "Həqiqətən, Cəbrayılın Muhəmmədə gətirdiyi Quran on yeddi min ayə idi.” ("Usulu-Kəfi”-də "Fədlul-Quran” kitabı 28-ci hədis. c.2 səh.634. Məclisi "Miratul-Uqul”12/536-cı səhifədə bu hədisə "səhihdir” deyir.)
Cəfər (rahiməhullah) dedi: "Həqiqətən bizdə Fatimənin müshəfi var. Amma sən bilmirsən ki, Fatimənin müshəfi nədir?” (Ravi deyir ki,) mən dedim:"Fatimənin müshəfi nə olan şeydir?” O (imam) isə dedi: "Bu elə bir müshəfdir ki, sizin bu Quranınızın üç mislinə bərabərdir. Allaha and olsun ki, onda Qurandan bir hərf belə yoxdur.” ("Usulu-Kəfi”də "əl-Hüccə” kitabı 1/239-240. Məclisi "Miratul-Uqul”3/54-də bu hədisi səhihləşdirir.)
Əhməd ibn Əbi Talib ət-Təbərsi [8] də bu etiqadın sahibi olmuşdur. Bunu, onun Əl-İhticac kitabında qeyd etdiyi rəvayətlər də isbat edir. Bu rəvayətlərdən birində deyilir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) vəfat edəndən sonra Əli Quranı topladı və Peyğəmbərin (salləllahu aleyhi və səlləm) vəsiyyət etdiyi kimi onu muhacir və ənsarların yanına gətirib onlara göstərdi. Əbu Bəkr onu açanda birinci səhifədə özlərinin biabırçılıqlarının yazıldığını gördü. Ömər sıçrayıb ayağa qalxdı və dedi: "Ey Əli! Onu buradan rədd elə! Bizim ona ehtiyacımız yoxdur.” Əli onu götürüb getdi. Sonra Zeyd ibn Sabiti çağırıb gətirdilər. O, Quran oxuyan birisi idi. Ömər ona dedi: "Əli bir Quran gətirmişdi, orada muhacir və ənsarların pis əməlləri yazılmışdır. Biz belə qərara gəldik ki, özümüz bir Quran yazıb ondan muhacir və ənsarları biabır edib hörmətdən salan yerləri (ayələri) çıxardaq.” ("əl-İhticac” 1/155).
Muhəmməd Bəqir əl-Məclisi [9] yuxarıda qeyd etdiyim "on yeddi min ayə” hədisini şərh edərkən hədisin "səhih” olduğunu qeyd etdikdən sonra belə demişdir:"Həqiqətən, Quranın naqisliyi və dəyişdirildiyi barəsində olan açıq-aydın, səhih hədislər çoxdur. Bu barədə olan hədislər mənaca mütəvatir dərəcəsindədir. Onların (təhrif barədə olan hədislərin) hamısını rədd etmək bir başa hədislərə olan etimadı aradan qaldırmağı labüd edir. Mənim zənnimcə bu barədə olan hədislər imamət barəsində olan hədislər-dən az deyil. Bəs onlar onu (imaməti) hədislər ilə necə isbat edirlər?” [10] ("Miratul-Uqul”12/536 və bəzi nüsxələrdə səh.525).
Həmçinin o, Biharul-Ənvər adlı kitabında Quranın təhrifinə dair belə bir bölüm də açmışdır: "Bəbut-Təhrif fil-Əyətil-ləti hiyə xiləfu mə ənzəlallah” (Allahın nazil etdiklərinin xilafına olan ayələrdə təhrif bölümü).
Əbul-Həsən əl-Amili [11] də Şeyx Məclisi kimi bu barədə olan hədislərin mütəvatir dərəcəsində olduğunu qeyd edərək deyir: "Bil ki, inkar olunmaz həqiqətdir ki, mütəvatir və digər xəbərlərə əsa-sən, həqiqətən, Peyğəmbərin vəfatından sonra Quranda dəyişiklik-lər baş vermişdir. (Sahabələr) Quranı topladıqdan sonra bir çox kəlməni və ayələri yox etmişlər.” Daha sonra o, təhrif olunmamış, əsil Quranın Mehdidə olduğunu qeyd edir. Sonra bu əqidəyə sahib olan böyük şiə alimlərindən Kuleyninin, onun ustadı Qumminin, Əyyaşinin, Numaninin, Əbu Talib ət-Təbərsinin və Məclisinin adını qeyd edərək sözünü belə tamamlayır: "Demək olar ki, bu əqidə bizim məzhəbin (şiəliyin) zəruriyyətlərindəndir.” (Mira-tul-Ənvər”, səh.36, əlavə olaraq səh.49-51-ə də bax!).
Adnan əl-Bəhrani [12] "Məşariquş-Şumus əd-Durriyyə” adlı kitabında (səh.126) qeyd etmişdir ki, Quranın təhrifinə dair olan hədislər mütəvatir dərəcəsindədir. Həmçinin bu məsələ Şiə məzhəbinin zəruriyyətlətindəndir.
Alləmə mühəddis Yusuf əl-Bəhrani [13] isə "Əd-Durarun-Nəcəfiyyə” adlı kitabında (səh.298) təhrif barədə olan hədislər haqqında qeyd etmişdir ki, əgər bu hədislərin səhihliyinə tənə edilsə, o zaman Şiə məzhəbinin bütün hədislərinə də tənə etmək asan olacaq.
Kəmaləddin Meysəm əl-Bəhrani [14] Osmana (radiyallahu anh) tənə edərək demişdir: "Həqiqətən o, insanları Zeyd ibn Sabitin qiraəti ətrafında cəm etmiş və müshəfləri məhv etmişdir. Şübhəsiz ki, o, (peyğəmbərə) nazil olmuş Quranı da məhv etmişdir.” (Şərhu Nəhcul-Bəlağa 11/1)
Ancaq bəzi şiə alimləri: Şeyx Saduq, Mürtəza, Əbu Cəfər ət-Təbərsi və Əbu Əli ət-Təbərsi bunun əksini bəyan etmişdirlər. Bu barədə böyük şiə alimi Nemətullah əl-Cəzairi demişdir: "...Bizim əshabımız (yəni şiə alimləri) Quranın təhrif olunduğuna dair açıq-aydın sübut olan bu mutəvatir xəbərlərin səhihliyi və bunları təsdiqləmək məsələsində ittifaq halındadırlar. Bəli, artıq buna Mürtəza, Saduq və Şeyx Təbərsi muxalif olmuşdur. Onlar belə hökm vermişdilər ki, iki üzlük arasında olan Quran, təhrif edilmə-dən və dəyişdirilmədən nazil olmuş Qurandır. Açıq-aşkardır ki, bu söz (yəni: təhrifi inkar etmək) çox saylı məsləhətlərdən (yəni: təqiyyədən) ötrü onlar tərəfindən deyilmişdir. Bu məsləhətlərdən biri də Qurana tənə etmək qapısını bağlamaq olmuşdur. Çünki Quranda təhrif caiz olsaydı onun hökm və qaydalarına necə əməl etmək olardı?”(Nemətullah əl-Cəzairi "Əl-Ənvərun-Numaniyyə” 2/357-358).
Nemətullah əl-Cəzairi qeyd etmişdir ki, vaxtı ilə Quranda imamların təriflənməsinə və səhabələrin pislənməsinə dair ayələr olmuşdur. Səhabələr isə bu ayələri Qurandan çıxardaraq onu dəyiş-dirmişdirlər ("Əl-Ənvərun-Numaniyyə” 1/97).
Nemətullah əl-Cəzairi həmin kitabında bir sualı belə cavab-landırır: "Əgər deyilsə ki, Quranın dəyişdirilməsi ilə birgə, onu oxumaq necə mümkün olur?”(Cavabında) mən deyirəm: "Artıq xəbərlərdə məsumlardan rəvayət olunmuşdur ki, onlar öz şiələrinə əldə mövcud olan Quranı namazda və başqa ibadətlərdə oxumağı və onun hökümlərilə əməl etməyi əmr etmişdilər. O vaxtacan ki, ağamız Sahib əz-Zaman zühur edəcək və insanların əllərində olan Quranı səmaya qaldıracaq, əmirul-mumininin (Əlinin) yazdığı Quranı ortaya çıxaracaq, onu oxuyacaq və onun hökmləri ilə əməl edəcək.” ("Ənvərun-Numaniyyə”2/363).
Hörmətli oxucu! Nəzərinə çatdırım ki, belə bir əqidəyə sahib olmaq əhli-sünnətə görə küfrdür. Əhli-sünnət alimlərindən olan İbn Qudamə demişdir: "Müsəlmanlar arasında ixtilaf yoxdur ki, əgər bir şəxs Qurandan bir surəni və ya bir ayəni, yaxud bir kəlməni və ya bir hərfi belə inkar etsə o, ittifaqla kafirdir.”("Lumatul-Etiqad” səh. 19).
Qazi İyad "əş-Şifa” adlı kitabında belə deyir: "Bil ki, kim Quranın, yaxud müshəfin nəyinəsə qiymətsiz bir şey kimi baxsa, yaxud onları söysə, ya da ki, onu və ya ondan bir şeyi, yaxud onda göstərilən bir hökmü və ya xəbəri yalan saysa, yaxud onun (Quranın) inkar etdiyini isbat etsə və ya onun isbat etdiyini bilə-bilə inkar etsə, yaxud ondan bir şeyə şəkk etsə, o şəxs, bütünlüklə elm əhlinin nəzərində kafir sayılar.”
Belə bir hökmü Şeyxulislam İbn Teymiyyə də "Sarimul-Məslul” adlı kitabının 586-cı səhifəsində qeyd etmişdir.
Amma indi baxın və görün ki, yuxarıda küfrlə dolu olan sözlərini qeyd etdiyim Nemətullah əl-Cəzairi barəsində şiə alimləri nə fikirdədir:
Hurr Amili onun barəsində belə deyir: "Əs-seyyid Nemə-tullah ibn Abdullah əl-Huseyni əl-Cəzairi qədir-qəyməti böyük olan fəzilətli, araşdırıcı bir alimdir...” ("Əməlul-Amil”2/336). 
Abbas əl-Qummi demişdir: "Çoxlu əsərlərin sahibi, qədir-qiyməti uca, fəzilətli və alim olan bir araşdırıcı idi. Təfsirdə, hədis və fiqhdə, ərəb dili və ədəbiyyatında öz əsrində yeganə bir şəxs idi.” ("Əl-kunə vəl-Əlqab” 3/298). Əlavə olaraq "Ravdatul-Cənnə” 8/138-ci səhifəyə müraciət et! 
Bütün bunlarla yanaşı Hicri 1320-ci ildə vəfat etmiş məhşur şiə alimi Nuri ət-Təbərsi Quranın təhrifini isbat etməkdən ötrü "Fəsl əl-Xitab fi isbat təhrif kitab rabb əl-ərbab” adlı bir kitab qələmə almışdır. O, bu kitabında Quranın təhrifinə dair "məsum imamlar”dan nəql olunmuş və şiənin hədis elmindəki qaydalarına uyğun yüzlərlə "səhih” hədisi dəlil gətirir. Şübhəsiz ki, o, bu hədislərin səhihliyini, bunları inkar edən başqa şiə alimlərindən daha yaxşı bilirdi. Unutmaq lazım deyil ki, Nuri ət-Təbərsi Şiə məzhəbinin ən sonuncu və ən böyük mühəddislərindəndir. Şübhəsiz ki, mühəddis, (hədis elmi onun sahəsi olduğundan) hədislərin səhih-zəifliyini digərlərindən daha yaxşı bilir. Daha sonra o, bu kitabına irad tutanlara qarşı "Li rədd bəd əş-şubuhat ən Fəsl əl-Xitab”adlı bir kitab da yazmışdır. Onu da qeyd etmək lazımdır ki, o, Şiə məzhəbinin səkkiz ən mötəbər kitabından biri olan "Müstədrək əl-Vəsail” kitabının müəllifidir. 
Çox qəribədir! Bu gün də, bütün bunları bilən şiə alimləri, bu etiqadda olan alimlərinə qarşı üzür axtarır və deyirlər ki: "Bu alimlər ictihad ediblər və xətaya yol veriblər. Biz onları, bu ictihadlarına görə kafir hesab edə bilmərik.” Sübhənallah!!! Məgər siz, Allahın varlığı barəsində münaqişə edəni və ya Muhəmmədin sonuncu rəsul olduğunu inkar edəni də üzürlü hesab edəcək və: "O, ictihad edib, xəta edib” – deyəcəksiniz? Məgər dində etiqad edilməsi zəruri olan məsələlərdə ictihad etməyi caiz bilirsiniz? Məgər siz, ikinci əmanəti – əhli-beyti inkar edəni üzürlü sayırsınız? Bəs nə üçün ondan da böyük olan əmanəti inkar edənə üzür axtarırsınız? [15]

(Allahın ağıl nemətinə görə, Ona həmd olsun!!!)


_________________________
Əlavələr:

[4] - 4 şəzz qiraət məqbul qiraət sayılmır. Bu qiraətlər ilə namazda Quran oxuna bilməz. Qiraətin məqbul sayılması üçün bu üç şərtin bir yerdə olması labüddür:
a. Ayə və surənin Peyğəmbərə qədər çatan sənədinin səhih və mütəvatir (çoxsaylı) olması;
b. Osman (radiyallahu anh) tərəfindən çoxaldılan və ümmətin icma etdiyi Quran nüsxələ-rinə uyğun olması;
c. Ərəb dilinə uyğun olması.
On qiraət bütün bu şərtləri özündə cəm etdiyi üçün səhih (doğru) və məqbul qiraət adlanmışdır. Bu on qiraətdən hər biri ilə Quran oxumaq olar.
[5] - Yuxarıda da qeyd etdiyim kimi Quranın ilk dəfə yazıb çoxaldılması Osmanın xilafəti zamanı baş vermişdir. Bu nüsxələr Osman (radiyallahu anh) tərəfindən hər biri bir Quran ustadı ilə birlikdə Küfə, Bəsrə və Şam şəhərlərinə göndərildi. Bir nüsxədə Mədinədə saxlanıldı. Çoxaldılan bu Quran nüsxələrində hərflərin nöqtə və hərəkələri yox idi. Bəs o zaman insanlar nöqtəsiz və hərəkəsiz Quranı necə oxuyurdular? Yer üzərində barmaqla sayılacaq bu qədər az Quran nüsxəsi olduğu halda insanlar necə Quranı uxuyur və necə onu əzbərləyirdilər? Quranı tam olaraq əzbər bilən minlərlə hafiz necə əmələ gəlirdi? Bütün bu sualların cavabı belədir: Peyğəmbər (saləllahu aleyhi və səlləm) zamanında Quranın nazil olan hər ayəsi onun əshabı tərəfindən əzbərlənirdi. Onların övladlarıda Quranı öz böyüklərinin dilindən əzbərləyirdilər. Yəni, Quran müshəflərdən (Quran nüsxələrindən) yox, dillərdən götürülürdü. Bu cür əzbərləmə metoduna "əl-Müşafəhə” və ya "əs-Səma” deyilir. Beləcə Quranın on müxtəlif oxunuş forması əmələ gəldi ki, bu formaların hamısı da Peyğəmbər (saləllahu aleyhi və səlləm) tərəfindən əshabına öyrədilmişdir. Bu on qarinin hər biri bir qiraət formasını tabiinlərdən (səhabələrin tələbələrindən) və tabiinlər də Peyğəmbərin əshabından öyrənmişdirlər. Daha sonralar bu qiraətlər bu on qarinin vasitəsi ilə gələcək nəsillərə ötürüldüyündən, bu on qarinin adı ilə məhşurlaşmış və onların adları ilə adlandırılmışdır. Quranı bu on qarinin hər birisindən də iki tələbəsi nəql etmişdir. Bu gün yer üzərində ən çox oxunan qiraət, Həfsin öz ustadı İmam Asimdən nəql etdiyi qiraətdir. Demək olar ki, Quran-i Kərim dünyanın hər yerində bu qiraətlə oxunur. İmam Asim də Quran qiraətini Abdullah ibn Həbib əs-Süləmidən və Zirr ibn Hubeyşdən, onlar isə Osman, Əli, ibn Məsud, Ubey ibn Kəb və Zeyd ibn Sabitdən, bu beş səhabə isə Peyğəmbərdən (saləllahu aleyhi və səlləm) rəvayət etmişlər. Bu gün Quran nüsxələrinin əksəriyyəti Asim qiraətinə görə hərəkələnir. Ancaq digər qiraətlərdə də Quran nüsxələri çap olunmaqdadır.
[6] - Hicri 307-ci ildə vəfat etmişdir. "Təfsirul-Qummi” adı ilə məhşurlaşan təfsirin müəllifidir. Məclisi onun haqqında belə deyir: "Əli ibn İbrahim ibn Həşim Əbul-Həsən əl-Qummi imamilərin ən dəyərli ravilərindən və ən böyük şeyxlərindəndir. Bütün tərcümeyi-hallar onun dəyəri və etibarlılığı üzərində ittifaq halındadır.” Rical alimi Nəcaşi "əl-Fihrist”də demişdir: "Hədisdə doğrucul, nüfuzu təstiqlənmiş və düzgün məzhəbli birisidir.” (Bax! "Müqəd-dimətul-Bihar” səh.128.) Həmçinin onun təfsiri haqqında belə deyilmişdir: "Əli ibn İbrahim əl-Qummi Kuleyninin ən dəyərli şeyxlərindən birisidir. Heç şübhəsiz ki, onun əlimizdə olan təfsiri bizə çatan ən qədim təfsirlərdəndir. Bu təfsir iki doğrucul adamın (Bəqir və Cəfər) əleyhissəlamın təfsiridir.” (İxtisarla nəql etdim. Bax! "Tabaqatu əaləmuş-şiə” (4-cü əsr) səh.167. "Əz-Zəria” 4/302. "Muqəddimətu Təfsiril-Qummi” Şeyx Musəvi əl-Cəzairinin qələmi ilə səh.14-16.)
[7] - H.328-ci ildə vəfat etmişdir. Şiə məzhəbinin ən dəyərli kitabı olan "Kitabul-Kafi”nin müəllifidir. Onun barəsində Şeyx Tusi demişdir: "Hədisdə alim idi...” ("Ricəl ət-Tusi”səh.495.) Ərdəbili demişdir: "Hədisdə insanların ən doğruculu idi. Kitabul-Kafini iyirmi ilə yazmışdır.” ("Cəmiur-Ruvat” 2/218. Hilli səh.145). Ağabozork ət-Tehrani demişdir: "Əl-Kafi, hədisdə etimad olunan əsas dörd kitabın ən dəyərlisidir. Rəsulullahın ailəsindən nəql olunmuş rəvayətləri onun kimi yazan olmamışdır.” ("Əz-Zəria”17/245) Onun bu kitabı haqqında həmçinin belə deyilmişdir:"O, İslami kitabların ən dəyərlisi, imamilərin əsərlərinin ən əzəmətlisidir. Əl-Əstərabadi deyir ki, biz, şeyx və alimlərimizdən eşitdik ki, İslamda bu kitaba bərabər bir kitab yazılmamışdır.” (Bax!Abbas əl-Qummi "əl-Kunə vəl-əlqab” 3/98. "Mustədrəkul-Vəsail”3/532).
[8] - H.620-ci ildə vəfat etmişdir. "əl-İhticac” kitabının müəllifidir. Məclisi onun barəsində demişdir: "Şeyx Əbu Mənsur Əhməd ibn Əbi Talib ət-Təbərsi bizim dəyərli, qədim və doğrucul mühəddis olan fəzilətli alimlərimizdəndir və "Kitabul-İhticac”ın sahibidir.” (Müqəddimətu Biharil-Ənvər səh.140). Hur Amili də onun barəsində: "Fəzilət sahibi bir alim və doğrucul olan fəqih bir mühəddis idi” deyir. (Əməlul-Amil 2/17 və Məməqani "Tənqihul-Məqal”1/69). 
[9] - H.1111-ci ildə vəfat etmişdir. "Biharul-Ənvər”, "Miratul-Uqul fi-şərhi əxbərir-Rəsul”, "Ciləul-Uyun”, "Əl-Ərbəin”, "Haqqul-Yəqin” və bir çox əsərlərin müəllifidir. Onun böyük bir hədisçi və fəqih bir alim olmasında heç bir şiə alimi ixtilaf etməmişdir. O, öz zamanında ən böyük şiə alimi idi. Onun bioqrafiyası üçün bu kitablara müraciət edin! Ərdəbili "Cəmiur-Rəvat”2/78-79, Məməqani "Tənqihul-Məqal”2/85, Hur Amili "Əməlul-Amil”2/248.
[10] - Yəni, təhrif barədə olan hədisləri inkar etdikləri halda imamət barəsində olan hədisləri necə qəbul edirlər? Axı təhrif barəsində olan hədislər heçdə imamət haqqında olan xəbərlərdən az deyil!!!
[11] - Şiə alimlərinin bioqrafiyalarının yer aldığı "Ravdatul-Cənnət” əsərində Əbul-Həsən Amilinin ən böyük şiə fəqihlərindən olduğu qeyd edilir. Bütün şiə alimləri onu övmüş, onun elmini təqdir etmişdir. Həqiqətən də, o, şiənin fəxridir. (Onun bioqrafiyası üçün bu əsərlərə müraciət edin! Ağabozork ət-Tehrani "Əz-Zəria” 20/264. Yusuf Bəhrani "Lulutul-Bəhreyn” səh.107.)
[12] - "Məşariquş-Şumus əd-Durriyyə” kitabının müəllifidir. Ağabozorq ət-Tehrani onun barəsində belə deyir: "Mahir olan elm əhlindən və fəziləti kamil olanlardan biri idi...” (əz- Zəria 3/1265: ixtisarla nəql etdim.)
[13] - "Luluətul-Bəhreyn” və "əd-Durarun-Nəcəfiyyə” adlı kitabların müəllifidir. Hədisdə və fiqihdə mahir bir alim idi. Onun bioqrafiyası üçün bax! "Əyanuş-şiə” 10/317.
[14] - Şiənin böyük bir mühəddisi və kəlamçısıdır. "Nəhcul-Bələğa”nı şərh et-mişdir. Onun bioqrafiyası üçün bax! Ravdatul-Cənnə 7/204. 
[15] - Quranın təhrifinə dair etiqad, əslində şiələrin əsas etiqadlarından biridir. Ancaq onlar bu etiqada sahib olduqlarından ötrü tarix boyu müsəlmanlar tərəfindən təhqir edildiklərinə görə"Bu, bizə qarşı böhtan və yalandır” deməyə məcbur oldular.

Kateqoriya: Şübhələrə cavab | Baxılıb: 888 | Əlavə edib: abubakr | Reytinq: 0.0/0
Bütün kommentlər: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Qeydiyyat | Daxil ol ]

Sayta daxil ol
Facebook`da səhifələr
• İslam Dininin mərtəbələri •



• İslama Devet •



• Hadith Of A Day •


«MƏDİNƏ» qrupu Facebook`da
MƏDİNƏ qrupuna 
daxil olun!
Axtarış
Kalendar
«  İyun 2014  »
B.eÇ.aÇərC.aCümŞnbBzr
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30