Bazar, 19.05.2024, 06:36
Əssələmu aleykum, Qonaq | RSS

Abubakr.Ucoz.Ru

Saytın Menyusu
Ən çox baxılanlar
Statistika

Cəmi onlayn: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Əsas səhifə » 2014 » Yanvar » 8 » SƏQƏLEYN HƏDİSİNİN ŞƏRHİ - Abu Zeyd - 1-ci hissə
22:08
SƏQƏLEYN HƏDİSİNİN ŞƏRHİ - Abu Zeyd - 1-ci hissə
SƏQƏLEYN HƏDİSİNİN ŞƏRHİ



Müəllif: Abu Zeyd (Şahin)



Rəhmli və Mərhəmətli Allahın adı ilə


Aləmlərin Rəbbi olan Allaha həmd olsun! Ona həmd edir, Ondan yardım istəyir, Onun məğfirətini diləyirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən Ona sığınırıq. Allah kimi doğru yola yönəltsə onu azdıracaq, kimi də azdırsa onu doğru yola yönəl-dəcək kəs yoxdur. Mən şəhadət edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq ilah yoxdur. O, təkdir və şəriksizdir. Şəhadət edirəm ki, Muhəmməd Allahın qulu və son elçisidir.

Hörmətli oxucu!


Bu risaləni qələmə almağımın səbəbi şiə məzhəbinin bir hədis ətrafında ortaya atdıqları şübhələrlə dolu yalan iddiaları olmuşdur. Həmin hədisin mətni belədir: "Mən sizə iki şeyi: Allahın kitabını və əhli-beytimi tərk edib gedirəm. Siz onlardan tutunsanız məndən sonra heç vaxt yolunuzu azmazsınız." (Tirmizi: 3786)
Şiələr bu hədisi dəlil gətirərək iddia edirlər ki, onlar (yəni şiələr) əhli-sünnətdən fərqli olaraq əhli-beytə tabe olmağı vacib bilirlər. Guya ki, onların məzhəbi əhli-beytin məzhəbidir. Bu səbəbdən də onlar özlərini əhli-beytdən olan İmam Cəfərə nisbət edərək "Cəfəri" adlandırırlar.
Şübhəsiz ki, bu hədis şiələrin leyhlərinə yox, əleyhlərinə dəlildir. Mən bunu bir nəçə yöndən izah etməyə çalışacam.
Birincisi: Hədisin məhz bu formada Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) səhih sənədlə nəql olunmasında alimlər ixtilaf etmişdilər. Çünki bu hədisin sənədində Zeyd adlı bir rəvayətçi vardır. O, daima nəql etdiyi hədislərdə özündən daha etibarlı sayılan rəvayətçilərə muxalif olur. Bu hədisi İmam Müslim daha etibarlı bir sənədlə bu formada rəvayət etmişdir: "Mən sizə iki ağır əmanəti qoyub gedirəm. Bunların birincisi Allahın kitabıdır. Onda hidayət və nur vardır. Siz də Allahın kitabına bağlanın və ondan möhkəm tutunun... (İkinci tövsiyəm) Əhli-beytimdir. Mən əhli-beytim barədə sizə Allahı xatırladıram. Mən əhli-beytim barədə sizə Allahı xatırladıram." (Müslim: 2408).
Hədisin bu mətnindən aydın olur ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) Qurana tabe olmağı əmr etmişdir. Əhli-beytinə qarşı isə nəvaziş göstərməyi və onların haqlarını ödəməyi tövsiyə etmişdir. Tirmizinin rəvayətindən fərqli olaraq burada əhli-beytə tabe olmaqdan söhbət getmir. Tabeçilik yalnız Quran barədə əmr edilmişdir. Bunu, Müslimin Cabir ibn Abdullahdan (radiyallahu anh) rəvayət etdiyi digər bir hədis də təsdiqləyir. Hədisdə deyilir: "Mən sizə bir şeyi, Allahın kitabını qoyub gedirəm. Siz ondan tutunsanız, məndən sonra heç vaxt yolunuzu azmazsınız." (Müslim: 1218) Bu hədisdə də Peyğəmbər (salləllahu aleyhi və səlləm) Allahın kitabına tabe olan insanın haqq yoldan azmayacağını demiş, amma əhli-beytini qeyd etməmişdir.
İkincisi: Tirmizinin rəvayət etdiyi hədisi Şeyx Əlbani (rahiməhullah) səhih saymışdır. Bu hədisin səhihliyi barədə olan ixtilafı bir kənara qoyaraq deyirəm: "Bu hədis səhih olsa da, şiələrin zənn etdikləri mənadan təmamilə uzaq və onların leyhlərinə yox, əleyhlərinə dəlildir." İstər Müslimin nəql etdiyi hədisdə "haqlarının qorunması" əmr edilən və istərsə də Tirmizinin nəql etdiyi hədisdə "tabe olunmaları" əmr edilən əhli-beytdən məqsəd şiələrin iddia etdikləri kimi yalnız Əli (radiyallahu anh) və onun övladları deyil. Əvvəla, əhli-beyt dedikdə Peyğəmbərin zövcələri nəzərdə tutulur. Bu həm Quran, həm Sünnət baxımından və həm də dilçilik və adət baxımından bu cürdür. Qurandan dəlil əl-Əhzab/33-cü ayədir. Uca Allah buyurur:

"Ey Peyğəmbərin zövcələri! Siz hər hansı bir qadın kimi deyilsiniz. Əgər Allahdan qorxursunuzsa, yad kişilərlə nazlana-nazlana danışmayın, yoxsa qəlbində xəstəlik olan tamaha düşər. Şəriətə müvafiq qaydada danışın. Evlərinizdə qərar tutun! İlk cahiliyyə dövründə olduğu kimi açıq-saçıq gəzməyin. Namaz qılın, zəkat verin, Allaha və Onun Elçisinə itaət edin. Ey ev əhli! Allah sizdən günahınızı silib aparmaq və sizi tərtəmiz etmək istəyir. Evlərinizdə oxunan Allahın ayələrini və hikməti yada salın. Həqiqətən, Allah Lütfkardır, hər şeydən Xəbərdardır." (əl-Əhzab/32-34).
Ancaq burada əhli-beytə olan xitabın kişi cinsində olması şiələrin iddia etdikləri kimi Peyğəmbər (salləllahu aleyhi və səlləm) zövcələrinin əhli-beytdən sayılmayacağına dəlalət etmir. Çünki evin kişisi ev əhlinin rəisi olduğundan ötrü, ev əhlinə (yəni zövcələrə) müraciət də kişi cinsində olmuşdur. Bu, ərəb dilçiliyində məlum olan bir qaydadır. Necə ki mələklər İbrahimin (aleyhissəlam) zövcəsinə övlad müjdəsi verərkən, ona kişi cinsində xitab etmişdirlər. Uca Allah buyurur:

"Onlar dedilər: "Allahın əmrinə təəccübmü edirsən? Ey ev əhli! Allahın rəhməti və bərəkəti sizin üstünüzdə olsun!.." (Hud/73). Bu ayədə də Uca Allah İbrahimin (aleyhissəlam) zövcəsini əhli-beyt adlandırır.
Sünnətdən dəlil isə Peyğəmbərin (salləllahu aleyhi və səlləm) namazlarında oxuduğu salavat duasının belə bir formasıdır: "Allahım! İbrahimə və onun ailəsinə bərəkət verdiyin kimi, Muhəmmədə və onun zövcələrinə, zürriyətinə də bərəkət ver!" (Buxari və Müslim 1/306) Həmçinin sədəqə almaq da Peyğəmbərin (salləllahu aleyhi və səlləm) zövcələrinə haram idi. Bu da, onların Muhəmmədin (salləllahu aleyhi və səlləm) əhli-beytindən olduğunun açıq bir isbatıdır. Çünki sədəqə insanların mallarının çirki sayılır və bu, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) əhlinə haram idi. İbn Əbi Müleykə nəql edir ki, Xalid ibn Səid sədəqə malından bir inəyi Aişəyə göndərir. Aişə (radiyallahu anhə) isə onu geri qaytararaq deyir: "Bizə, Muhəmmədin əhlinə sədəqə haramdır." (İbn Əbi Şeybə "Musənnəf” 3/214 səhihdir.)
Ərəb dilçiliyi baxımından da bu belədir. Məhşur ərəb dilçiləri və ən möhtəşəm ərəb dili izahlı lüğətlərinin müəllifləri demişdirlər: "Əhli-beyt dedikdə, o evin sakinləri nəzərdə tutulur. Əhlur-rəcul (kişinin əhli) dedikdə, ona ən yaxın olan adamlar nəzərdə tutulur. Peyğəmbərin əhli-beyti dedikdə, onun zövcələri, qızları və yaxın qohumları nəzərdə tutulur." (Bax! İbn Mənzur "Lisanul-arab” 11/28, "əl-Qamusul-muhit” səh.1245 ləm hərfi bölümü, "əs-Sihah” 4/1628, "Mucəm Məqayis əl-lüğə” 1/161)
Adət baxımından bu məsələyə yanaşsaq, yenə də zövcənin kişinin əhli sayıldığını görəcəyik. Uca Allah Musanın (aleyhissəlam) zövcəsinin onun əhlindən olduğunu bəyan edərək buyurur:

"O zaman o, bir od görüb ailəsinə demişdi: "Dayanın! Mən bir od gördüm. Bəlkə, ondan sizə bir köz gətirdim, ya da odun yanında bir bələdçi tapdım!" (Taha/10).
Bütün bu dəlillər göstərir ki, Peyğəmbərin zövcələri əhli-beytdən sayılır. Hətta şiə alimlərindən bəziləri əl-Əhzab/33-cü ayəyə qarşı bir cavab tapa bilmədiklərindən ötrü, iddia etmişdirlər ki, ayənin əhli-beyt ilə əlaqəli hissəsi səhabələr tərəfindən qəsdən əl-Əhzab/33-cü ayənin içərisinə daxil edilmişdir ki, bu ayəni oxuyan hər kəs elə bilsin ki, Peyğəmbərin zövcələri də əhli-beytdəndir. Bunu şiə məzhəbinin ən asas səkkiz kitabından birinin müəllifi olan Məclisi [1] "Biharul-ənvər" (c.35 səh.234) adlı əsərində demişdir. Bu da Quranın təhrif edildiyinə etiqad etməkdir ki, belə bir etiqadın sahibi İslam dairəsindən kənara çıxmış olur. Hətta şiə məzhəbinin mötəbər və məhşur kitablarında da Peyğəmbər zövcələrinin əhli-beytdən olmasına dair rəvayətlər mövcuddur. Məsələn, Ümmü Sələmə (radiyallahu anhə) soruşur: "Ey Allahın Elçisi! Mən də sənin əhli-beytindənəmmi?" Peyğəmbər (salləllahu aleyhi və səlləm) isə cavabında: "Bəli" – deyir. ("Biharul-ənvər”35/221 və 45/198, "Təfsirul-burhan” 3/321, Tusi "əl-Əmali” səh.136 və.s.)
Həmçinin əhli-beyt dedikdə Əlinin, Cəfər ibn Əbu Talibin, Əqil ibn Əbu Talibin və Abbas ibn Əbdülmüttəlibin ailələri nəzərdə tutulur. Bunların hamısına sədəqə almaq haram idi. Bu barədə dəlil Müslimin Zeyd ibn Ərqamdan nəql etdiyi hədisdir. (Müslim 2408). Ümumiyətlə Haşim övladlarının hamısı əhli-beytdən sayılır və onlara sədəqə malından pay almaq haram edilmişdir. Buna dəlalət edən hədisi Müslim (1072) Rabiə ibn əl-Harisdən rəvayət etmişdir. Hətta bunu isbat edən şiə rəvayətləri də mövcuddur. Belə rəvayətlərin birində deyilir: Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: "Mən sizə iki şeyi: Quranı və əhli-beytimi qoyub gedirəm...". Ondan soruşdular ki, bəs əhli-beytin kimlərdir? O (salləllahu aleyhi və səlləm) isə cavabında belə dedi: "Əlinin, Cəfərin, Əqilin və Abbasın ailələri." ("Biharul-ənvər” 23/115, "Kəşful-ğummə” 1/44).
Xülasə, əhli-beyt məfhumu geniş bir məfhumdur. Şiələrin iddia etdikləri kimi on dörd [2] nəfərdən ibarət deyil. İndi mən sual verirəm. Kimdir əhli-beyti qəbul etməyənlər? Əhli-beytə mənsub olan hər kəsi əhli-beytdən sayan və onları sevən Əhli-sünnət, yoxsa Haşim oğullarını və Peyğəmbərin zövcələrini əhli-beytdən saymayan və onları söyən şiələr?
Onlar (yəni: şiələr) əhli-beytdən olan Abbasa və onun oğlu Abdullaha, həmçinin İmam Həsənin övladlarına rişxənd edirlər. (Kuleyni "əl-Kəfi” 2/155 və 8/191, Kəşşi "Rical” səh.52). Onlar Abdullah ibn Abbası ağıldankəm, İmam Hüseynin nəvəsi Zeyd ibn Əlini şərabxor adlandırırlar. Həsən əl-Əskərinin qardaşı Cəfəri isə fasiq sayırlar. ("əl-Kəfi” 1/247 və 1/405, "Biharul-ənvər” 46/194)

Budurmu əhli-beytə qarşı olan hörmət və onlara tabeçilik?

Üçüncüsü: İmam Məlik "əl-Muvatta”da və Hakim də "əl-Müstədrək”də Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini nəql etmişdirlər: "Mən sizə iki şey buraxdım. Siz bunlara bağlı qaldıqca azmayacaqsınız. Bunlar Allahın kitabı və Rəsulunun sünnətidir." Bu hədis də Müslimin rəvayət etdiyi hədisi gücləndirir. Çünki burada da tabeçilik əhli-beytə yox, Quran və Sünnətə yönəldilmişdir. Bir çox halda şiələrin bu hədisi rədd etdiklərini gördüm. Bu hədisi qəbul etməyən, görəsən bu ayələrə nə cavab verəcək? Uca Allah buyurur: 
"Bunlar Allahın qoyduğu hüdudlarıdır. Kim Allaha və Onun Elçisinə itaət edərsə, Allah onu ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağlarına daxil edər. Bu, böyük uğurdur. Kim Allaha və Onun Elçisinə asi olub Onun hüdudlarını aşarsa, Allah onu içində əbədi qalacağı Cəhənnəm oduna vasil edər. Onun üçün alçaldıcı bir əzab vardır." (ən-Nisə/13-14);
"Onlara: "Allahın nazil etdiyinə və Elçisinə tərəf gəlin!"– deyildikdə, münafiqlərin səndən nifrətlə üz çevirdiklərini görürsən." (ən-Nisə/61);
"Aralarında hökm vermək üçün Allahın və Onun Elçisinin yanına çağırıldıqda möminlərin sözü ancaq: "Eşidirik və itaət edirik!"– demələridir..." (ən-Nur/51);
"Üzləri odda o yan-bu yana döndəriləcəyi gün onlar deyəcəklər: "Kaş biz Allaha və Onun Elçisinə tabe olardıq!"" (əl-Əhzab/66);
"Ey iman gətirənlər! Allaha və Peyğəmbərə itaət edin və əməllərinizi puç etməyin!" (Muhəmməd/33).
Bu mənada olan ayələr Quranda çoxdur. Onların hamısında da Allaha və Rəsuluna itaət etməkdən bəhs edilir. Deməli, şəriətdə əsas olan budur. Əhli-beytə tabe olmaq və onların yolu ilə getmək də mühüm məsələlərdəndir. Çünki onların Quran və Sünnətin qorunmasında əməkləri çox böyükdür. Bu ümmət, Quranın təfsirində ibn Abbasdan (radiyallahu anhumə) faydalandığı qədər bəlkə də heç kəsdən faydalanmayıb. Həmçinin Aişə anamız da Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) ən çox hədis rəvayət edən səhabələrdən biridir. Onun rəvayət etdiyi hədislərin sayı 2000-dən artıqdır. Bu da onun dinə olan xidmətidir. Bu iki səhabə də əhli-beytin ən şərəfli simalarındandır. İbn Abbasın (radiyallahu anhumə) yüzlərlə ayəyə verdiyi şərhlər də, Aişənin (radiyallahu anhə) rəvayət etdiyi 2000-dən artıq hədis də, Əlinin (radiyallahu anh) nəql etdiyi yüzlərlə hədis və onun verdiyi şəri hökmlər, bütün bunların hamısı əhli-sünnətin təfsir, hədis və fiqh kitablarında yer almışdır. Bu əhli-beytə tabeçilik deyil də, bəs nədir?
Dördüncüsü: Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Mənim sünnətimdən və məndən sonra gələcək, hidayətə çatmış Raşidi xəlifələrimin sünnətindən azı dişləriniz ilə yapışın!.." (Əhməd "Müsnəd” 4/126, Tirmizi 5/44-də hədis üçün həsən-səhih demişdir, Əbu Davud 5/13, İbn Məcə 1/15, Darimi "Sünən” 1/57, Hakim "Müstədrək”də hədisi səhih saymış və Zəhəbi də onunla razılaşmışdır: 1/95-96, Şeyx Əlbani də hədisi səhihləmişdir: "Mişkətul-məsabih” 1/58).
Həmçinin o (salləllahu aleyhi və səlləm): "Məndən sonra iki şəxsə, Əbu Bəkrə və Ömərə tabe olun!" – demişdir. (Əhməd 5/399, Tirmizi 5/610, Hakim 3/79. Hədis səhihdir. Bax! Əlbaninin "Silsilətul-əhadis əs-sahiha” əsəri 3/233 hədis no: 1233).
Əhli-beytə tabeçiliyi əmr edən hədislər də bu cürdür. Bu hədislərə əsasən bəzi alimlər demişdir ki, Raşidi xəlifələrin [3] icması (bir məsələ üzərində yekdil rəyə gəlmələri) şəriətdə hüccət (dəlil) sayılır. Alimlərdən bir qismi isə yuxarıda qeyd etdiyim ikinci hədisə əsasən: "Əbu Bəkr və Ömər bir məsələdə ittifaq etsələr, bu mənim üçün hüccət sayılar" – demişdir. Əbu Yalə də: "Tirmizinin rəvayət etdiyi hədisə əsasən Haşim övladlarının (yəni əhli-beytin) icması hüccətdir" – demişdir (Bax! "Minhəcus-sunnə” 4/85).
_________________________
Əlavələr:

[1] - H.1111-ci ildə vəfat etmişdir. "Biharul-Ənvər”, "Miratul-Uqul fi-şərhi əxbərir-Rəsul”, "Cilə-ul-Uyun”, "Əl-Ərbəin”, "Haq-qul-Yəqin” və başqa bir çox əsərin müəllifidir. Onun böyük bir hədisçi və fəqih bir alim olmasında heç bir şiə alimi ixtilaf etməmişdir. O, öz zamanında ən böyük şiə alimi idi. Onun bioqrafiyası üçün bu kitablara müraciət edin! Ərdəbili "Cəmiur-Rəvat”2/78-79, Məməqani "Tənqihul-Məqal”2/85, Hurr Amili "Əməlul-Amil”2/248.
[2] - Şiələrin əhli-beytdən saydıqları on dörd nəfər: Peyğəmbər, qızı Fatimə, Əli, Həsən, Hüseyn, Əli əz-Zeynulabidin, Muhəmməd əl-Bəqir, Cəfər əs-Sadiq, Musa əl-Kazım, Əli ər-Rda, Muhəmməd əl-Cəvad, Əli əl-Hədi, Həsən əl-Əskəri və Muhəmməd əl-Mehdi.
[3] - Yəni: Əbu Bəkr, Ömər, Osman və Əli (radiyallahu anhum).
Kateqoriya: Şübhələrə cavab | Baxılıb: 934 | Əlavə edib: abubakr | Reytinq: 4.0/1
Bütün kommentlər: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Qeydiyyat | Daxil ol ]

Sayta daxil ol
Facebook`da səhifələr
• İslam Dininin mərtəbələri •



• İslama Devet •



• Hadith Of A Day •


«MƏDİNƏ» qrupu Facebook`da
MƏDİNƏ qrupuna 
daxil olun!
Axtarış
Kalendar
«  Yanvar 2014  »
B.eÇ.aÇərC.aCümŞnbBzr
  12345
6789101112
13141516171819
20212223242526
2728293031