Bazar, 19.05.2024, 04:39
Əssələmu aleykum, Qonaq | RSS

Abubakr.Ucoz.Ru

Saytın Menyusu
Ən çox baxılanlar
Statistika

Cəmi onlayn: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Əsas səhifə » 2014 » Yanvar » 7 » Şəfaət haqqında (2)
20:59
Şəfaət haqqında (2)
TÖVHİD

2 - Şəfaət haqqında (2)


13. Əbu Bəkr[1] (radıyallahu anhu) rəvayət edir ki, bir gün səhər Allah Elçisi salləllahu aleyhi və səlləm Sübh namazını qıldı. Duha vaxtına qədər oturduqdan sonra Allah Elçisi salləllahu aleyhi və səlləm güldü və yerinə oturdu. Hətta Zöhrü, Əsri və Məğribi qıldı və bu əsnada danışmadı. Axırıncı İşa namazını qıldıqdan sonra ailəsinin yanına getdı. İnsanlar Əbu Bəkrə (radıyallahu anhu) dedilər: "Soruş, gör Allah Elçisi salləllahu aleyhi və səlləm nə üçün belə etdi! Bu gün o, heç vaxt etmədiyini etdi”. Əbu Bəkr (radıyallahu anhu) ondan soruşdu və o buyurdu: "Bəli, mənə dünya və Axirət işlərindən olacaq şeylər ərz edildi. Birincilər və sonuncular bir yerdə toplanacaqlar. İnsanlar buna görə dəhşətə gələcəklər. Nəhayət, az qala onlar tərdən boğulduqları halda Adəmin (əleyhissəlam) yanına gedəcəklər və deyəcəklər: "Ey Adəm, sən bəşəriyyətin atasısan, Allah (Azzə və Cəllə) səni seçmişdir. Bizdən ötrü Rəbbinə şəfaət et!” O deyəcək: "Mən sizin üzləşdiyiniz hal ilə üzləşmişəm. Məndən sonra olan ulu atanız Nuhun yanına gedin. "Allah Adəmi, Nuhu, İbrahimin nəslini və İmranın nəslini seçib aləmlərdən üstün etdi” (Ali İmran, 33). Onlar da Nuhun (əleyhissəlam) yanına gedəcək və deyəcəklər: "Bizdən ötrü Rəbbinə şəfaət et, çünki, Allah məhz səni seçmiş və sənin duanı qəbul etmişdi! O, kafirlərdən yer üzündə bir nəfəri belə sağ qoymamışdı”. O deyəcək: "Mən buna layiq deyiləm, gedin İbrahimin yanına! Çünki, Allah (Azzə və Cəllə) onu özünə dost seçmişdir”. Onlar İbrahimin (əleyhissəlam) yanına gələcəklər. O deyəcək: "Mən buna layiq deyiləm, gedin Musanın yanına! Çünki, Allah (Azzə və Cəllə) onunla sözlə (vasitəsiz) danışmışdır”. Musa (əleyhissəlam) deyəcək: "Mən buna layiq deyiləm, gedin İsa ibn Məryəmin yanına! Çünki, o, (Allahın izni ilə) anadangəlmə koru, cüzam xəstəliyinə tutulanı sağaldar və ölüləri dirildərdi”. İsa (əleyhissəlam) deyəcək: "Mən buna layiq deyiləm, Adəm ovladının ağasının yanına gedin! Çünki, o, Qiyamət günü yerin birinci ondan aralanacağı kəsdir.[2] Muhəmmədin salləllahu aleyhi və səlləm yanına gedin, sizdən ötrü Rəbbinizə şəfaət etsin!” Onlar Cəbrailin yanına gələcəklər. Cəbrail (əleyhissəlam) də Rəbbinin yanına gələcək. Allah (Azzə və Cəllə) buyuracaq: "Ona izn ver və Cənnətlə müjdələ!” Cəbrail (əleyhissəlam) onunla gedəcək və o, bir Cümə qədər səcdəyə qapılacaq. Sonra Allah (Azzə və Cəllə) buyuracaq: "Başını qaldır, ey Muhəmməd! Söylə, sənə qulaq asılacaq, şəfaət et, şəfaətin qəbul olunacaq”. O da başını qaldıracaq və Rəbbinə baxdıqda yenə bir Cümə qədər səcdəyə qapılacaq. Allah (Azzə və Cəllə) buyuracaq: "Başını qaldır, söylə, sənə qulaq asılacaq, şəfaət et, şəfaətin qəbul olunacaq”. Gedib səcdəyə qapanmaq istəyəndə, Cəbrail onun iki əlindən tutacaq. Allah ona elə dua (qapısını) açacaq ki, onu heç bir bəşərə açmamışdır. Allah Elçisi salləllahu aleyhi və səlləm deyəcək: "Ey Rəbbim, fəxr etmədiyim halda məni Adəm övladının ağası və fəxr etmədiyim halda məni Qiyamət günü yerin birinci yarılacağı kəs olaraq yaratdın”. Nəhayət, o, Səna ilə Əylə arasında olan məsafədən də böyük hovuzun yanına gələcək. Sonra belə deyiləcək: "Siddiqləri şəfaət etmək üçün çağırın!” Sonra isə belə deyiləcək: "Peyğəmbərləri çağırın!” Elə peyğəmbər gələcək ki, yanında bir dəstə, elə peyğəmbər gələcək ki, yanında beş-altı nəfər, elə peyğəmbər də gələcək ki, yanında heç kəs olmayacaq. Daha sonra deyiləcək: "İstədiklərinə şəfaət etmək üçün şəhidləri çağır!” Şəhidlər şəfaət etdikdən sonra Allah (Azzə və Cəllə) buyuracaq: "Mən mərhətlilərin ən rəhmlisiyəm! Mənə heç bir şeyi şərik qoşmayanları Cənnətimə daxil edin!” Onlar Cənnətə daxil olduqdan sonra Allah (Azzə və Cəllə) buyuracaq: "Cəhənnəm oduna baxın, görün orada xeyir əməl edən bir kəsə rast gələ bilərsinizmi?” Onlar gəlib Cəhənnəm odunda bir kişi tapacaqlar. Ona deyiləcək: "Xeyir bir əməl etdinmi?” O deyəcək: "Xeyr, mən alış-verişdə insanlara güzəşt edirdim”. Allah (Azzə və Cəllə) buyuracaq: "Qullarıma güzəştə getdiyi kimi quluma güzəştə gedin!” Sonra Cəhənnəmdən başqa bir kişi çıxarılacaq və ona belə deyiləcək: "Xeyir bir əməl etdinmi?” O deyəcək: "Xeyr, lakin mən övladıma tapşırdım ki, mən öləndə məni yandırın, sonra üyüdün, toz halına düşdükdə isə məni dənizə aparıb küləkdə göyə sovurun. Allaha and olsun ki, aləmlərin Rəbbinin məni (diriltməyə) heç vaxt qüdrəti çatmayacaq”. Allah (Azzə və Cəllə) ona buyuracaq: "Niyə belə etdin?” O deyəcək: "Səndən qorxduğuma görə”. Allah (Azzə və Cəllə) buyuracaq: "Ən böyük padşahın səltənətinə bax! Həqiqətən, sənə elə bir səltənət və on misli veriləcək”. O deyəcək: "Sən Hökmdar ola-ola məni niyə məsxərəyə qoyursan!?” (Allah Elçisi salləllahu aleyhi və səlləm dedi:) Duha vaxtında güldüyüm adam bax budur”.[3]

14. Ənəs[4] (radıyallahu anhu) rəvayət edir ki, Allahın Peyğəmbəri salləllahu aleyhi və səlləm demişdir: "Həqiqətən, mən (Qiyamət günü) ayaq üstə ümmətimin sirat körpüsünün üstündən keçməyini gözlədiyim zaman İsa yanıma gəlib deyəcək: "Ey Muhəmməd! Bu peyğəmbərlər sənin yanına gələrək şikayət edir və ümmətlərin halı çox dəhşətli olduğu üçün Allaha dua edirlər ki, (və ya yanına toplanaraq Allaha dua edirlər ki,) Allah onları bir-birindən ayırıb istədiyi yerə (Cənnətə və ya Cəhənnəmə) salsın”. Həmin vaxt insanlar tər içində olacaqlar. Möminə gəlincə, bu ona zökəm kimi gələcək. Kafir olan kəsi isə ölüm bürüyəcək”. Allah Elçisi salləllahu aleyhi və səlləm deyəcək: "Ey İsa, sənin yanına qayıdanadək gözlə!” Allahın Peyğəmbəri salləllahu aleyhi və səlləm gedib Ərşin altında, heç bir seçilmiş mələyə və ya göndərilmiş peyğəmbərə nəsib olmayan məqamda duracaq. Sonra Allah (Azzə və Cəllə) Cəbrayıla belə vəhy edəcək: "Muhəmmədin yanına get və ona de: "Başını qaldır, istə, istədiyin sənə veriləcək, şəfaət et, şəfaətin qəbul ediləcək”. Mən ümmətimə hər doxsan doqquz insandan birinin (Cəhənnəmdən) çıxmasına şəfaət edəcəyəm. Mən Rəbbimə (Azzə və Cəllə) üz tutaraq dayanmadan, Allaha şəfaət edilə bilən hər məqamdan şəfaət edəcəyəm. Nəhayət Allah (Azzə və Cəllə) bunu mənə verərək belə buyuracaq: "Ey Muhəmməd! Ümmətindən bir gün olsa belə ixlasla "lə iləhə illəllah” kəlməsinə şəhadət verən və bunun üzərində ölən kəsləri (Cənnətə) daxil et!”[5]

15. Ənəs (radıyallahu anhu) rəvayət edir ki, Allah Elçisi salləllahu aleyhi və səlləm demişdir: "Mən Rəbbimə (Azzə və Cəllə) durmadan şəfaət edəcəyəm, O da şəfaətimi qəbul edəcək. Mən şəfaət etməyə davam edəcəyəm, O da şəfaətimi qəbul edəcək, hətta mən deyəcəyəm: "Ey Rəbbim! Məni "lə iləhə illəllah” deyən kimsələrə şəfaətçi et”. Allah buyuracaq: "Ey Muhəmməd, bu nə sənə, nə də bir kimsəyə məxsus deyildir. Bu Mənə məxsusdur. İzzətimə, Əzəmətimə və Mərhəmətimə and olsun ki, Mən "lə iləhə illəllah” deyən kəsləri odun içində buraxmayacağam”.[6]



[1] - Əbu Bəkr Abdullah ibn Osman ibn Amir əs-Siddiq (radıyallahu anhu) miladi 572-ci ildə Məkkədə anadan olmuşdur. Muhəmmədə (sallallahu aleyhi və səlləm) peyğəmbərlik verildiyi zaman o, Məkkə əhlini İslama dəvət etmiş və bu dəvəti kişilərdən qəbul edən ilk şəxs Əbu Bəkr (radıyallahu anhu) olmuşdur. Peyğəmbər (sallallahu aleyhi və səlləm) əs-Siddiq ləqəbini Əbu Bəkrə (radıyallahu anhu) İsra və Merac səfərini şəkk-şübhə etmədən təsdiqlədiyi üçün vermişdir. O, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) ən yaxın səhabələrindən, hicrət yoldaşı və Cənnətlə müjdələnmiş on nəfərdən biridir. Bir çox döyüşlərdə iştirak etmiş, malı və canı ilə İslam dininə yardım etmişdir. Əbu Bəkrin (radıyallahu anhu) fəzilətinə dair bəzi ayələr: ət-Tövbə, 40, əl-Leyl, 17-21 və s. Hədislərdən isə bunları qeyd etmək olar: Əbu Səid əl-Xudri (radıyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) səhabələrə xitab edib dedi: "Həqiqətən, mənə ən yaxın yoldaş və mal-dövləti ilə ən çox qayğı göstərən Əbu Bəkrdir. Rəbbimdən qeyrisini (ifrata varmaqla) sevmiş olsaydım, Əbu Bəkri sevərdim. Lakin, o mənim müsəlman qardaşımdır. Elə isə, məscidə açılan Əbu Bəkrin qapısından başqa bütün qapıları bağlayın!” (əl-Buxari, 3654). Cubeyr ibn Mutim (radıyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) onun yanına gələn qadına qayıdıb, bir müddət sonra gəlməyini bildirdi. Qadın: "Səni tapa bilməsəm necə?”- deyə soruşduqda, o dedi: "Məni tapmasan, Əbu Bəkrin yanına get!” (əl-Buxari, 3659). Əbu Hureyra (radıyallahu anhu) rəvayət edir ki, Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) eşitdim, o dedi: "Hər kəs Allah üçün saleh əməl edərsə, Cənnət qapılarından dəvət olunar: namaz əhli namaz qapısından, cihad əhli cihad qapısından, sədəqə əhli sədəqə qapısından və oruc əhli Rəyyan adlı oruc qapısından Cənnətə dəvət olunar”. Bunu eşidən Əbu Bəkr (radıyallahu anhu) dedi: "Ey Allahın Elçisi! O qapıların hamısından dəvət olunan olacaqmı?” Allahın Elçisi (sallallahu aleyhi və səlləm): "Bəli, və mən istəyirəm ki, sən onlardan olasan, ey Əbu Bəkr!”– deyə cavab verdi” (əl-Buxari, 3666). Urva ibn əz-Zubeyr (radıyallahu anhu) rəvayət edir: "Mən Abdullah ibn Amrdan (radıyallahu anhu) müşriklərin Peyğəmbərə (sallallahu aleyhi və səlləm) nə etdikləri barəsində soruşduqda, o dedi: "Peyğəmbər (sallallahu aleyhi və səlləm) namaz qılarkən Uqbə ibn Əbu Muit gəlib dəsmalı onun boynuna sarıdı və boğmağa başladı. Bunu görən Əbu Bəkr gəlib onu kənara itələdi və Allahın bu kəlamını oxudu: "Məgər, siz bir adamı "Rəbbim Allahdır”- deməyinə görə öldürəcəksiniz?! Halbuki, o, Rəbbinizdən sizə açıq-aşkar möcüzələr gətirmişdir” (Ğafir, 28) (əl-Buxari, 3678). Əbu Musa əl-Əşari (radıyallahu anhu) rəvayət edir ki, bir dəfə Əbu Bəkr (radıyallahu anhu) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına daxil olmaq üçün izn istədi. Mən bunu Peyğəmbərə (sallalahu aleyhi və səlləm) çatdırdıqda, o dedi: "İzn ver, gəlsin və onu cənnətlə müjdələ!” (əl-Buxari, 3674). İbn Abbas (radıyallahu anhumə) rəvayət edir ki, mən Ömər ibn əl-Xəttabın (radıyallahu anhu) vəfatından sonra, onun çarpayısının ətrafına toplaşıb dua edənlərin arasında dayanmışdım; Arxamda dayanan bir kişi dirsəyini çiynimə qoyub dedi: "Allah sənə rəhmət etsin! Allahdan istəyirəm ki, sən yoldaşlarınla (Məhəmməd (sallallahu aleyhi və səlləm) və Əbu Bəkrlə (radıyallahu anhu) bir yerdə olasan! Çünki mən çox vaxt Peyğəmbərin (sallallahu aleyhi və səlləm) dediyini eşidirdim: "Mən, Əbu Bəkr və Ömər filan yerdə idik. Mən, Əbu Bəkr və Ömər filan əməli etdik. Mən, Əbu Bəkr və Ömər filan yerə getdik”. Mən dönüb arxamda dayanan səhabənin kim olduğuna baxdım. Bu, Əli bin Əbu Talib (radıyallahu anhu) idi” (əl-Buxari, 3677). Əbu Səid əl-Xudri (radıyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: "Mənim səhabələrimi söyməyin! Həqiqətən, sizdən biriniz Uhud dağı boyda qızıl sədəqə versə belə, onlardan birinin verdiyi bir ovuca (sədəqəyə) hətta yarısına belə çata bilməz” (əl-Buxari, 3673). Əli (radıyallahu anhu) iki şeyx - Əbu Bəkr və Ömər (radıyallahu anhumə) haqqında demişdir: "Müsəlmanların ən yaxşısı, Allaha və Onun Elçisinə (sallallahu aleyhi və səlləm) ən yaxını - xəlifə Siddiq və xəlifə Faruq olmuşlar. And içirəm ki, onların İslamda yerləri həqiqətən böyükdür. Onların yoluxduğu adam şiddətli İslam xəstəliyinə tutular (yəni, onlardan ibrət götürənlər dinlərində daha möhkəm olardılar). Allah onlara rəhmət etsin və onları gördükləri ən yaxşı işlərə görə mükafatlandırsın” (Meysəm "Şərh Nəhcul-Bəlağə”, 1/31, Tehran çapı). Peyğəmbərin (sallallahu aleyhi və səlləm) vəfatından sonra səhabələrin şurası tərəfindən seçilərək xilafətə gəlmiş və 2 il 3 ay xəlifə olmuşdur. Hicrətin 13-cü ilində 63 yaşında vəfat etmişdir.
[2] - Yəni, Qiyamət günü qəbrdən çıxan ilk şəxs Muhəmməd (sallallahu aleyhi və səlləm) olacaq.
[3] - Əhməd, 15; İbn Hibban, 6476. əl-Albani "Sahihut-Tərğib vət-Tərhib”də (№ 3641) həsən olduğunu bildirmişdir. Şueyb əl-Arnavut isə isnadını həsən adlandırmışdır.
[4] - Əbu Həmzə Ənəs ibn Məlik ibn ən-Nədr əl-Ənsari əl-Xəzrəci ən-Nəccari əl-Mədəni (radıyallahu anhu) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) həm xidmətçisi, həm qadın tərəfdən onun qohumu, həm də ən çox hədis rəvayət edən səhabələrindəndir. Hicrətdən on il əvvəl dünyaya gəlmiş, hicrətin 93-cü ilində yüz üç yaşında vəfat etmişdir.
[5] - Əhməd, 1276. əl-Albani "Sahihut-Tərğib vət-Tərhib”də (№ 553) səhih olduğunu bildirmişdir.
[6] - İbn Əbu Asim, 685. əl-Albani "Ziləlul-Cənnə”də (№ 828) səhih olduğunu bildirmişdir.  

Kateqoriya: Səhih Qüdsi Hədislər | Baxılıb: 733 | Əlavə edib: abubakr | Reytinq: 0.0/0
Bütün kommentlər: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Qeydiyyat | Daxil ol ]

Sayta daxil ol
Facebook`da səhifələr
• İslam Dininin mərtəbələri •



• İslama Devet •



• Hadith Of A Day •


«MƏDİNƏ» qrupu Facebook`da
MƏDİNƏ qrupuna 
daxil olun!
Axtarış
Kalendar
«  Yanvar 2014  »
B.eÇ.aÇərC.aCümŞnbBzr
  12345
6789101112
13141516171819
20212223242526
2728293031