Aləmlərin
Rəbbi Allaha həmd-sənalar olsun. Onun qulu və elçisi Məhəmmədə, ailəsinə,
əshabına və onların yolu ilə gedənlərə Allahın salat və salamı olsun.
Bu,
ramazan ayında oruc tutmağın, ibadət etməyin və saleh əməllərlə yarışmağın
fəziləti, sonra orucluqla əlaqədar bəzi əhəmiyyətli hökmlər haqda qısaca da
olsa kiçik bir tövsiyədir.
Səhih
hədislərdə deyilir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun)
Ramazan ayının gəlişi münasibəti ilə öz əshabəsini müjdələyər, bu ayda rəhmət
və cənnət qapılarının açılmasını, cəhənnəm qapılarının və şeytanların
bağlanmasını xatırladardı. Hədislərin birində Peyğəmbər (ona Allahın
salavatı və salamı olsun) buyurur: "Ramazanın ilk gecəsində
cənnətin qapıları açılar və heç bir qapısı bağlanmaz. Cəhənnəmin qapıları isə
bağlanar və heç biri açıq qalmaz. Həmçinin şeytanlar da qapanarlar. Bir
çağırışçı belə deyər: Ey xeyr istəyən kimsə! Buyur!. Ey şər istəyən kimsə! Geri
çəkil!. Və hər gecə Allah təalə cəhənnəmdən kimlərisə xilas edər".
Peyğəmbər
(ona Allahın salavatı və salamı olsun) buyurur: "Ramazan ayı
gəldi. Bu ay bərəkət ayıdır. Bu ayda Allah təalə sizi əhatə edər, rəhmətini
nazil edər, günahları bağışlar və duaları qəbul edər. Allah təalə sizin bu ayda
(xeyir işlər görmək üçün bir-birinizlə) yarışmanıza baxar və sizinlə
Mələkləri önündə öyünər. Siz də öz nəfsinizdən Allaha xeyir nümayiş etdirin.
Bədbəxt kimsə bu ayda Allahın rəhmətindən məhrum olan adamdır".
Peyğəmbər
(ona Allahın salavatı və salamı olsun) buyurur: "Kim, Ramazan
ayını iman və ihtisabla (savab qazanmaq üçün) oruc tutarsa onun keçmiş
günahları bağışlanar. Kim, Ramazan ayını iman və ihtisabla (savab qazanmaq
üçün) ibadət edərsə onun keçmiş günahları bağışlanar. Kim, Qədr Gecəsini
iman və ihtisabla (savab qazanmaq üçün) ibadət edərsə onun keçmiş günahları
bağışlanar."
Hədislərin
birində Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurmuşdur: "Allah
təalə buyurur: Adəm övladının etdiyi hər bir əməl onun özü üçündür. Hər bir
yaxşı əmələ onun on qatından yeddi yüzə qədər savab yazılır. Yalnız orucdan
başqa. Oruc Mənim üçün tutulur və onun cavabını da Mən Özüm verəcəyəm. Bəndə (oruc
tutmaqla) şəhvətini, yeməyini və içməyini Mənə görə tərk edir. Oruc tutan
iki halda: orucunu açdıqda və Rəbbi ilə qarşılaşdıqda, - sevinir. Oruc tutan
adamın ağzından gələn qoxu Allah qatında müşk ətrinin iyindən daha
yaxşıdır".
Ümumiyyətlə Ramazan ayında oruc tutmaq və
ibadət etməyin fəziləti haqda hədislər çoxdur.
Mömin
bəndə bu fürsətdən səmərəli istifadə etməlidir. Ramazan ayına yetişməyin özü
bir nemətdir. Ona görə bu ayda ibadətlərə qapanmaq və pis işlərdən çəkinmək
lazımdır. Allah təalənin ona vacib etdiyi əməlləri layiqincə etməlidir. Xüsusən
gündəlik beş vaxt namazı hər bir müsəlman kişi və qadın vaxtında, xüşu və
rahatlıqla yerinə yetirməlidir. Çünki namaz islamın dirəyi və şəhadətdən sonra
ikinci əsasıdır. Namazın kişilərə daha vacib olan haqqı onu, Allahın adını
yüksəltməsini əmr etdiyi evlərdə, məscidlərdə camaat ilə qılmaqdır. Allah təalə
buyurur: "Namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə rüku
edin!" (əl-Bəqərə: 43). "(Fərz, vacib)
namazlara, (xüsusilə) orta namaza (günortadan sonrakı əsr namazına,
ikindi namazına) riayət (əməl) edin və Allaha itaət üçün ayağa
qalxın (namaza durun)." (əl-Bəqərə: 238). "Həqiqətən,
möminlər nicat tapmışlar! (Cənnətə nail olmaqla mətləblərinə çatıb əbədi
səadətə qovuşmuşlar!) O kəslər ki, namazlarında (hər şeyi unudaraq ruhən
və cismən yalnız Allaha) müti olub (Ona) boyun əyərlər! (Allahın
qarşısında kiçilərlər!)" (əl-Muminun: 1-2). "Namazlarına
riayət edərlər (həmişə vaxtlı-vaxtında namaz qılarlar); Onlardır (bilin)
varis olanlar. Firdovs cənnətinə varis olanlar, orada əbədi qalanlar!" (əl-Muminun:
9-11).
Peyğəmbər
(ona Allahın salavatı və salamı olsun) buyurur: "Bizimlə onlar (kafirlər)
arasında olan fərq namazdadır. Kim onu tərk edərsə küfr etmiş olar".
Namazdan
sonra ən əsas fərz zəkat verməkdir. Bu haqda Allah təalə buyurur: "Halbuki
onlara əmr edilmişdir ki, Allaha – dini yalnız Ona məxsus edərək, batildən
haqqa (islama) dönərək – ibadət etsinlər, namaz qılıb zəkat versinlər.
Doğru-düzgün din budur!" (əl-Bəyyinə: 5). Allah təalənin
kitabı və Peyğəmbərinin (ona Allahın salavatı və salamı olsun) sünnəsi (hədisləri),
malının zəkatını verməyən adamın qiyamət günü əzaba düçar olacağı haqda xəbər
verir.
Namaz
və zəkatdan sonra ən əhəmiyyətli məsələ Ramazan orucunu tutmaqdır. Oruc tutmaq,
Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) hədisində buyurulan
islamın beş əsasından biridir. Hədisdə deyilir: "Islam beş əsas
üzərində qurulmuşdur: Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur və
Məhəmməd Allahın elçisidir kəlməsinə şəhadət vermək, namaz qılmaq, zəkat
vermək, oruc tutmaq və həcc etmək".
Müsəlman
şəxs orucunu və digər ibadətlərini haram buyurulmuş söz və əməllərdən
qorumalıdır. Çünki, oruc tutmaqda məqsəd Allah təaləyə ibadət etməkdir.
Həmçinin müsəlman orucla öz nəfsini Rəbinin itaətinə alışdırmalı və ona səbri
öyrətməlidir. Bu ibadəti etməkdə məqsəd sadəcə yeməy-içməyi tərk etmək deyil,
bütün haramlardan və qadağalardan əl çəkməkdir. Ona görə Peyğəmbər (ona
Allahın salavatı və salamı olsun) səhih hədislərin birində belə buyurur: "Oruc
mühafizədir. Kim oruc tutsa həmin gün qadınla cinsi əlaqəyə girməsin və söyüş
söyməsin. Əgər kimsə onu söyər və ya onunla vuruşarsa "Mən
orucam!" desin". Digər hədisdə isə buyurur: "Kim
yalan danışmağı, ona əməl etməyi və cahilliyi tərk etmirsə, Allah təalənin onun
tərk etdiyi yemək-içməyə baxmaz".
Bu
və digər dəlillərdən görsəndiyi kimi oruc tutan adam Allah təalənin haram
buyurduqlarını tərk etməli, ona vacib edilənlərə isə sıx bağlanmalıdır. Yalnız
belə halda onun Ramazan ayında bağışlanmasını, cəhənnəm atəşindən qurtulmasını,
oruc və ibadətinin qəbul olunmasını demək mümkündür.
Bəzi məsələlər vardır ki, ola bilsin çoxları
onu bilməsin.
Belə
məsələlərdən: Müsəlman orucunu iman və ihtisabla (savabını Allahdan
diləməklə) tutmalıdır. Bu ibadətdə riya və təkəbbürlük olmamalıdır.
Həmçinin orucu digər insanlara: ailəsinə, qonşularına, yerli əhaliyə və s. -
baxaraq deyil, Allahın onu vacib etdiyinə iman gətirərək tutmalı və orcunun
savabını Allahdan diləməlidir. Ramazan ayında digər ibadətlər də bu əsasla
edilməlidir. Yəni, başqa səbəblərlə deyil yalnız iman və ihtisabla edilməlidir.
Ona görə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: "Kim,
Ramazan ayını iman və ihtisabla (savab qazanmaq üçün) oruc tutarsa onun
keçmiş günahları bağışlanar. Kim, Ramazan ayını iman və ihtisabla (savab
qazanmaq üçün) ibadət edərsə onun keçmiş günahları bağışlanar. Kim, Qədr
Gecəsini iman və ihtisabla (savab qazanmaq üçün) ibadət edərsə onun
keçmiş günahları bağışlanar."
Oruc tutanlara lazım olan
bəzi əsas məsələlər:
Oruc
tutan, yaralanarsa, bədənindən qan axarsa, qusarsa, yaxud ixtiyarı olmadan
boğazına su və ya digər maddələr gedərsə bunların onun orucuna heç bir təsiri
yoxdur. Lakin kim qəsdən özünü qusdurarsa onun həmin gün tutduğu oruc pozular.
Çünki Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurmuşdur: "Kim
ixtiyarı olmadan qusarsa orucunu qəza etmir. Kim ki, özünü qusdurarsa o orucunu
qəza etməlidir (əvəzinə bir gün oruc tutmalıdır)".
Ola
bilsin oruc tutan adamın cənabət qüslü (cinsi yaxınlıqdan sonra çimmək),
yaxud heyzli (aybaşı) və ya nifaslı (doğuşdan sonrakı vəziyyət)
qadının qüsl alması sübh namazından sonraya qalsın. Belə hallar oruc tutmağa
mane olmur. Cənabətli kişi və qadın, heyzli və nifaslı qadın sübh namazından
sonra günəşin doğmasına qədər çimməli və namazını qılmalıdır.
Analiz
üçün qan vermək və ya bədəni qidalandırmaq məqsədi ilə deyil adi məqsədlə
vurulan iynələr oruca təsir etmir. Lakin iynənin vaxtını axşama saxlamaq mümkün
olsa bu daha yaxşı olar. Çünki Peyğəmbər (ona Allahın salavatı və salamı
olsun) hədisdə buyurur: "Səni şübhələndirən işi şübhə olmayanla
əvəz et" "Kim şübhələrdən qorunarsa öz dinini və namusunu qorumuş
olar".
Həmçinin
namaz qılarkən tələsmək olmaz. Bəzi insanlar Ramazan ayında təravih namazlarını
qılarkən çox tələsirlər. Hətta onların bu hərəkətləri dən yeyən toyuğun
hərəkətlərinə bənzəyir. Belə namaz qılmaq namazı batil edir. Çünki namazı rahat
qılmaq onun ərkanlarındandır (əsas şərtlərindəndir). Peyğəmbər (ona
Allahın salavatı və salamı olsun) namaz qılarkən tələsməzdi. Hər fəqərəsi
və əzası yerini alana qədər gözləyərdi.
Təravih
və gecə namazlarının rükətlərinin sayına məhdudiyyət qoyulmadığı üçün səhabələr Ömər İbn Xəttabın (Allah
onlardan razı olsun) xilafəti dövründə təravih namazını bəzən iyirmi üç
rükət, bəzən on bir rükət qılırdılar. Ömərdən və digər səhabələrdən edilən bu
rəvayətlər səhihdir.
Bəzi
sələflər Ramazan ayında otuz altı rükət qılar və əlavə üç rükət vitr
qılardılar. Bəziləri qırx bir rükət qılardılar. Ibn Teymiyyə (Allah ona
rəhmət etsin) onların bu əməllərini qeyd edərək buyurur: Məsələ
rahatdır...yaxşı olar ki, namazı quran, rüku və səcdə ilə uzun qılanlar rükətin
sayını az etsinlər, namazın rükətlərini qısa qılanlar isə sayı çox etsinlər (məna
ilə).
Lakin
Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) sünnəsinə diqqət
yetirən adam Ramazanda və başqa vaxtlarda deyilənlərin içərisində on bir
və ya on üç rükət qılmağın ən yaxşı variant olduğunu görər. Çünki,
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) çox vaxt gecə
namazlarını bu sayda qılardı. Həmçinin bu sayda qılmaq namaz qılan camaat üçün
daha asan, rahat və xüşuya zəmin yaradan haldır. Kim bundan artıq qılarsa heç
bir qəbahət yoxdur. Amma dediyimiz daha yaxşıdır. Təravih namazını camaat ilə
qılan adam namazı imamla birlikdə bitirsin. Peyğəmbər (ona Allahın salavatı
və salamı olsun) buyurmuşdur: "Kim imamla namaza başlayar və imam
namazı bitirənə qədər onunla qalarsa Allah təalə onun üçün bütün gecəni namaz
qılmaq savabını yazar".
Ona
görə bütün müsəlmanlara bu ayda ibadətlərdə fəal olmağı tövsiyə edirik. Hər bir
müsəlman bu ayda mənasını dərk edərək Quran oxumalı, dua etməli, yaxşı işləri
əmr etməli və pis işlərdən çəkindirməlidir. Allah yolunda dəvət etməlidir.
Kasıblar, fağırlar və möhtaclarla xoş davranmalıdır. Valideynlərinə bacardıqca
çox yaxşılıq etməli, qohumluq əlaqələrini sıx tutmalı, qonşularla xoş
davranmalıdır. Həmçinin xəstələri ziyarət etməli və bu kimi başqa yaxşılıqlar
etməyə çalışmalıdır. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun)
buyurmuşdur: "Allah təalə bu ayda sizin yarışmanıza baxır və sizinlə
mələklərin önündə öyünür. Siz də öz nəfsinizdən Allaha xeyir görsədin. Bədbəxt
insan bu ayda Allahın mərhəmətindən məhrum olan kimsədir". Başqa
bir hədisdə isə deyilir: "Bu ayda hansısa bir xeyir iş görərək
Allaha yaxın olmaq, başqa vaxtlar fərz ibadət etməyə bərabər olar. Bu ayda fərz
ibadət edərək Allaha yaxın olmaq, başqa vaxtlarda yetmiş fərz ibadət etməyə
bərabərdir" həmçinin buyurmuşdur: "Ramazan ayında ümrə
ziyarəti etmək, (digər rəvayətə görə: mənimlə edilən) həccə bərabərdir".
Ümumiyyətlə bu ayda fəal olmaq haqda hədislər çoxdur. Allah təalədən arzu
edirəm ki, bizim hamımızı bu ayda xeyirxah işlər görməyə müvəffəq etsin. Bizim
oruc və namazlarımızı qəbul etsin. Hal-əhvalımızı və güzəranımızı xoş etsin.
Bizi zəlalətə düşməkdən və fitnələrdən qorusun. Həmçinin Uca Allahdan istəyirəm
ki, müsəlmanların rəhbərlərini islah etsin və onların sözlərini haqq üzərində
bir etsin. Həqiqətən Allah hər şeyə qadirdir.
Yazan: Şeyx, Əbdül Əziz ibn
Abdullah ibn Bəzz (Allah ona rəhmət
etsin).