Bazar, 19.05.2024, 10:06
Əssələmu aleykum, Qonaq | RSS

Abubakr.Ucoz.Ru

Saytın Menyusu
Ən çox baxılanlar
Statistika

Cəmi onlayn: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Əsas səhifə » 2014 » Yanvar » 21 » Nafilə Namazlar haqqında məlumat
13:36
Nafilə Namazlar haqqında məlumat

BİSMİLLƏHİR-RAHMƏNİR-RAHİM


Nafilə Namazlar haqqında


LÜĞƏVİ CƏHƏTDƏN YANAŞMA:

Nafilə namazlar olaraq bildiyimiz namazlar fərz namazlarından başqa olan namazlardır. "Nafilə" sözü ərəbcəsi "nəflun""nafilətun" sözündən olub mənası - qənimət, verilən bir şey, əsas mənası isə: vacib olmayan əməllərdən edilən şeydir. (Qamus əl-Muhiyt, səh, 1064). Bəzən nafilə namazlara "salətut-tətavvu`u" deyilir. (ərəbcəsi: Tətavvu`u) da "tavəa və ta`a" felindən olub "nafilə" mənası verir. (Eyni mənbə, səh, 745) Bu isə, müti və könüllü olaraq edilən əməlləri əhatə edir. Hər bir halda hər iki söz (Nafilə və tətavvu`u) eyni mənanı verir. Biz isə daha məşhur olan "nafilə" sözü ilə mövzumuzu davam etdirəcəyik inşəAllah.

NAFİLƏ NAMAZIN FƏZİLƏTİ:

Əbu Hüreyrə (radiyəllahu anhu) Peyğəmbərin (səllallahu aleyhi və səlləm) belə dediyini rəvayət edir: "Qiyamət günü qulun ilk hesaba çəkiləcəyi şey namazdır. Əgər namazı doğru olarsa, o kimsə qurtular və nəcat tapar. Əgər namazı zay olarsa, o kimsə uğursuzluğa və bədbəxtliyə düçar olar. Əgər qulun fərz namazlarından bir şey naqis gələrsə, Allah təbərakə və təalə (mələklərə) buyurar: Baxın qulumun nafilə namazları varmı? (Əgər olarsa,) O namazlarla fərzlərdən qalan naqisliklər tamamlanar. Sonra digər əməlləri də bunun kimi olar." (Hədis səhihdir, Tirmizi, 252, 451; Nəsai, 1, 258, 411, əl-Vaciz fiy fiqhis-sunnəti vəl-kitəbil-Aziz kitabından. Şeyx Bəzmulun nafilə namazlar haqqında kitabında isə buna oxşar rəvayətin isnadı səhih li-ğeyrihi olaraq verilmişdir.)
Başqa bir hədisdə isə - Rabia ibn Kəb ibn Məlik əl-Əsləmi deyir ki, Peyğəmbərlə (səllallahu aleyhi və səlləm) birgə gecələyərdim. Bir dəfə yenə onun yanına dəstəmazı və hacəti üçün lazımlı şeyləri gətirərək gəldim, o da mənə dedi: "Bir şey istə." – Mən də dedim: "Mən səninlə cənnətdə birgə olmaq istəyirəm." – dedi: "Bundan başqa istəyin varmı?" – Dedim: "Elə bu qədər!" – Dedi: "Elə isə (Allaha) çoxlu səcdə etməklə öz nəfsinə (bu işdə) yardımçı ol!" (Hədisi Müslim və Əshabu Sünən təxric etmişlər, hədis səhihdir, Müslimdə: 489)

NAFİLƏ NAMAZLARI İKİ NÖVDÜR: mütləq və muqayyəd. (səbəbsiz və səbəbli). 

Birinci növ: Mütləq nafilə odur ki, şəriətdə buna müəyyən bir hədd gəlməmişdir. Buna səbəbsiz nafilə də demək olar. Məsələn; nafilə sədəqədə sən Allah yolunda istədiyin şeydən verirsən, hətta, xurmanın yarısı olsa belə. Həmçinin, sən gecə və səhər könüllü iki-iki namaz qıla bilərsən, lakin gərək bu ratibi sünnələr (bu da nafilənin bir növüdür) kimi davamiyyətli olmasın və nə bidətə, nə də onun əhlinə oxşamağa aparmasın. 
İkinci növ isə: muqayyəd nafilədir. Bu isə nafilədir ki, şəriətdə buna müəyyən bir hədd gəlmişdir. (Bu, müəyyən bir səbəbə bağlı olur.) Məsələn; Kim sübhün ratibi sünnəsini qılmaq istəyirsə, gərək o sübhdən əvvəl vaxtı girdikdən sonra iki rükətli bir namazı ratib niyyəti ilə qılsın. Başqa bir misal; hər kim "Kusuf" namazı qılmaq istəyirsə, gərək o şəriətdə varid olan formada onu qılsın. Qurban və Ramazan bayramlarının namazları da bunun kimidir. Bu muqayyəd nafilələr iki yerə bölünür: Müəkkədə (təkid olunmuş) və qeyri müəkkədə (təkid olunmamış).
Təkid olunmuş nafilə namazlar 12 rükətdir. Bunlar: 2 rükət sübhdən əvvəl, 4 rükət (bu, 2+2 olaraq qılınır) zöhrdən əvvəl 2 rükət zöhrdən sonra, 2 rükət məğribdən sonra, 2 rükət də işadan sonradır. Ummu Həbibədən rəvayət olunduğuna görə o demişdir: "Allahın Elçisinin (səllallahu aleyhi və səlləm) belə dediyini eşitdim: «Hər kim bir gündə on iki rükət (nafilə) namaz qılarsa, bununla ona Cənnətdə bir ev tikilər.»" (Müslim, 1/504/730; Əbu Davud, 4/133/137)

Təkid olunmamış nafilə namazlar isə, əsrdən əvvəl qılınan iki rükət, məğribdən əvvəl qılınan iki rükət və işadan əvvəl qılınan iki rükətlik namazdır.

SÜBH NAMAZININ NAFİLƏSİ (ratibi sünnəsi):

Hökmü: Sübh namazından əvvəl qılınan iki rükətlik namaz təkid olunmuş sünnələrdəndir. Peyğəmbər (səllallahu aleyhi və səlləm) bu namazı nə səfərdə, nə də qeyri səfərdə tərk etməzdi.
Vəsfi, fəziləti və bəzi məsələlər: Bu namaz iki rükətdir və sübh namazının fərzindən əvvəl qılınır. Aişə (radiyəllahu anhə) Peyğəmbərdən (səllallahu aleyhi və səlləm) rəvayət edir ki, o belə buyurdu: "Sübhün iki rükətlik (nafiləsi) dünyadan və onda olandan daha xeyirlidir." (Müslim - Müsafirlərin namazı və qəsr etməsi fəsili, Sübhün iki rükətinin müstəhəbliyi və onu yüngül qılmağa rəğbətləndirmə, bunu daim qılmağa (qorumağa) çalışmaq və bu namazda hansı surənin oxunmasının müstəhəb olması babı, 725; Tirmizi isə Namaz fəsilində bu hədisi varid etmişdir, 416, Nəsai isə, 3/252; Hakim 1/307)
Bu namazın qısa qılınması yaxşıdır (Buxari, 1163 və 1182-yə bax). Birinci rükətində "İxlas", ikinci rükətində isə "Kəfirun" surəsinin oxunması (Səhih Sünən İbn Macə: 944; İbn Xuzeymə: 2/ 163/ 1114; Əhməd: 4/ 225/ 987; İbn Macə: 1/ 363/ 1150) və ya Birinci rükətində "Kəfirun", ikinci rülərində isə "İxlas" sürəsinin oxunması sünnəyə müvafiqdir (Müxtəsər Səhih Müslim: 360; Müslim: 1/ 502/ 726; Əbu Davud: 4/ 135/ 1243; Nəsai: 2/ 156; İbn Macə: 1/ 363/ 1148). Bu namazdan sonra sağ tərəfə yastılanıb oturmaq (Tirmizi, 420; səhihdir; Buxari, 1161) da sünnəyə müvafiqdir. Bu namazı qılmayan isə ya bunu sübhün fərzindən dərhal sonra, ya da günəşin çıxmasından sonra qılmalıdır. Əfzəl olanı da günəş çıxandan sonra qılınmasıdır. (Tirmizi, 424; Buğyətul-Mutətavvi`i fiy salətit-tətavvu`u. səh 34 – şeyx Bəzmul)

ZÖHR NAMAZININ NAFİLƏSİ (ratibi sünnəsi):

Hökmü: Zöhrün ratibi sünnəsi müstəhəb olan sünnələrdəndir. Hansı ki, bu namaz Peyğəmbərdən (səllallahu aleyhi və səlləm) söz və fel olaraq sabit olmuşdur. Vacibliyinə dəlalət edən bir dəlil isə yoxdur.
Vəsfi, fəziləti və bəzi əməllər: 1) Bu namaz ya zöhr namazından əvvəl dörd, sonra dörd qılınır. 2) Ya zöhr namazından əvvəl dörd qılınır, sonra iki qılınır. 3) Ya da iki rükət zöhr namazından əvvəl qılınır, iki rükət də sonra qılınır. Yəni, bunu (bu formalardan birini) müsəlman zöhr namazının ratibi sünnəsi niyyətilə qılır. Bu, sünnə olaraq ona kifayət edir və bununla da o bu sünnəni yerinə yetirmiş sayılır. (Bunların hər birinə də səhih dəlillər vardır. 1-ci vəsfə dəlillər: Tirmizi, Namaz kitabı, 428; Əbu Davud, 1269; Nəsai, 3/265; İbn Macə 1/191; İkinci vəsfə dəlil: Muslim, 730; şeyx Albani, "Səhihi Sünəni Nəsai" 1/ 366; - Nəsai, 3/ 227; ibn Macə, 1322; 3-cü vəsfə dəlil isə ibn Ömərin hədisidir: ibn Ömər demişdir: "Peyğəmbərdən (səllallahu aleyhi və səlləm) on rükəti öyrəndim, iki rükət zöhrdən öncə, iki rükət də zöhrdən sonra..." (Nəsai, 3/ 227))

Hər kim zöhrdən sonra qılınan iki rükətlik ratibi sünnəni ötürərsə, o bunun qəzasını qıla bilər. (Dəlil; bax Buxari 1233; Müslimdə isə bax, Namaz kitabı, peyğəmbərin əsrdən sonra qıldığı iki rükəti tanıtmaq babı, 834 n-li hədis)

ƏSR NAMAZININ NAFİLƏSİ:

Bu namaz əsrdən öncə 4 rükət qılınır, səhih olan odur ki, bu namaz 12 rükətlik ratibi sünnələrə daxil deyildir. İki iki və ya iki təşəhhüdlə dördrükətli namaz kimi də qılına bilər.
İbn Ömərdən rəvayət olunduğuna görə o Allah Elçisinin (səllallahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: «Əsr namazından əvvəl dörd rükət sünnət namazı qılan kəslərin üzərinə Allahın rəhmi olsun!» (Əhməd, "Müsnəd"ində, 4/203; Əbu Davud 1271; ət-Tirmizi, 430)

MƏĞRİB NAMAZININ NAFİLƏSİ:

Hökmü: Məğrib namazının nafiləsi ratibi sünnələrdəndir. Müsəlmanın bu namazı qoruması bəyəniləndir. Bu sünnə Peyğəmbərin (səllallahu aleyhi və səlləm) sözündən və felindən sabit olmuşdur. 
Vəsfi, fəziləti və bəzi məsələlər: Məğribin ratibi sünnəsi iki rükətdir. Məğrib namazından sonra qılınır. Ummu Həbibənin hədisində o Peyğəmbərin (səllallahu aleyhi və səlləm) belə dediyini eşitmişdir: "Müsəlman qul hər gün fərz namazından əlavə 12 rükət nafilə namaz qılarsa, Allah onun üçün cənnətdə bir ev inşa edər, və ya cənnətdə ona bir ev tikilər." – Məğribdən sonra qılınan bu nafilə də bu hədisə daxildir.
Bu namazın evdə qılınmasına diqqət yetirilməlidir. Kəb ibn Ucra demişdir: Peyğəmbər (səllallahu aleyhi və səlləm) məğrib namazını Əbdül-Əş`əl məscidində qıldı. O namazı bitirdikdən sonra insanlar qalxıb nafilə qılmağa başladılar. Peyğəmbər (səllallahu aleyhi və səlləm) (bunu gördükdə) dedi: «Siz bu namazı evlərinizdə qılın!» (Əbu Davud, şeyx Albani bunu "Səhihi-Sünəni Əbu Davud" əsərində həsənləşdirib. 241; Nəsai 3, 198, həsən li-ğeyrihi)

İŞA NAMAZININ NAFİLƏSİ:

Hökmü: İşa namazının nafiləsi də ratibi sünnələrdəndir ki, bu da müsəlmanın üzərinə qorunması müstəhəb olan namazlardandır. Bu, Peyğəmbərin (səllallahu aleyhi və səlləm) bu haqda felinin sabit olmasına görədir. Necə ki, O (səllallahu aleyhi və səlləm) öz kəlamı ilə də bu namaza rəğbətləndirmişdir.
Vəsfi, fəziləti və bəzi məsələlər:  ibn Ömərdən gələn hədisdə hədisin bu hissəsi bu namaza dəlildir: «Peyğəmbərdən on rükət əzbərlədim ... və işadan sonra evdə qılınan iki rükətlik (namaz)»  (Tirmizi, 434)
Abdullah ibn Şəqiyq Aişədən (radiyəllahu anhumə) Peyğəmbərin namazı haqqında soruşduqda o demişdir: «(uzun hədisin dəlil olan son hissəsini qeyd edirik) ... insanlara işanı qıldırar, sonra da evinə gəlib iki rükət (namaz) qılardı.» (Müslim, 730)
Ummu Həbibədən səhih isnadla gələn qeyd olunan hədisin sonunda da bu namaza işarə vardır: "İşadan sonra da iki rükət qılardı". (Müslim, 728; Tirmizi və Nəsai də bu hədisi Ummu Həbibədən fərqli şəkildə rəvayət etmişlər.)

Nafilə namazla fərzin arasında namazın xətmi (sonu) miqdarında fasilə (ara) vermək müstəhəbdir. Bəziləri fərz namazı qılan kimi dərhal qalxıb nafiləni qılırlar ki, bu əməl sünnəyə müvafiq deyildir. Çünki, bir rəvayətdə Peyğəmbərin əshabından bir nəfər əsr namazını qıldıqdan dərhal sonra qalxıb sünnət qılmağa başlayır, bunu görən Ömər (radiyəllahu anhu) ona deyir: "Otur yerinə" Kitab əhli həlak olmuşdur. Çünki, onların namazları arasında fasilə (ara) yox idi. Peyğəmbər (səllallahu aleyhi və səlləm) isə buyurdu: "Əhsən sənə Xəttabın oğlu" (Əhməd bunu "Müsnəd"ində 5, 368 - səhih sənədlə rəvayət etmişdir)

SÜNNƏDƏ VARİD OLAN MÜXTƏLİF NAFİLƏ (tətavvu`u) NAMAZLAR:

Vitr namazı, Duha namazı, Dəstəmaz aldıqdan sonra qılınan namaz, Məscidi salamlama namazı, Hər bir azan və iqamə arasında qılınan namaz, Təsbih namazı, İstixarə namazı, Kusuf və Xusuf namazı, Qurban və Ramazan bayramlarının namazları, İstisqa namazı, Cənazə namazı, Təvafın iki rükətlik namazı, Quba məscidində qılınan iki rükətlik namaz və s. (bəzilərini) misal çəkmək olar ki, bunların hər biri nafilə namazlardır. Bunların arasında təkid olunma, rəğbətləndirmə və müstəhəblik dərəcəsində fərqlər ola bilər. Bunların heç biri gündəlik 5 vaxt namaz kimi fərz dərəcəsində deyildir. Lakin hər biri sünnədə varid olduğu üçün özünəməxsus fəzilətə, vəsfə və oxşar və fərqli qılınış və qiraət formalarına malikdirlər.

SÜNNƏDƏ VARİD OLMAMIŞ BİDƏT (sonradan din adına uydurulan) SAYILAN NAMAZLARDAN BƏZİLƏRİNƏ MİSALLAR:

1 – Ramazan ayının axırlarında keçmiş ildən qalan bəzi ötürülən namazların əvəzinə qılınan namazlar. (Sunənul-Mubtədəat, səh 17)
2 – Quranı əzbərləmək duasının namazı. (əsSunənu vəl-Mubtədəat, səh 124)
3 – Hacət namazı. (əsSunənu vəl-Mubtədəat, səh 124)
4 – Ənam surəsini Ramazanda və bundan başqa vaxtlarda bir rükətdə oxumaq. Necə ki, bəziləri bunu virtin sonuncu rükətində uzun-uzadı oxuyub insanları bu bidətlə yorurlar. (Muxtəsəru əl-Fətəva əl-Mısriyyə, səh 81)
5 – Məğriblə işa arası qılınan qəflət namazı. (əsSunənu vəl-Mubtədəat, səh 132)
6 – Peyğəmbəri (səllallahu aleyhi və səlləm) (yuxuda) görmək üçün qılınan namaz. (əs-Sünən əl-Mubtədəat, səh 132)
7 – Aşura gününün xüsusi namazı. (əsSünənu vəl-Mubtədəat, səh 134, 180)
8 – Merac gecəsinin namazı.
9 – Rəcəb ayının hər gecəsində qılınan xüsusi namaz. (əsSunənu vəl-Mubtədəat, səh, 140, 143)
10 – Rəcəb ayında qılınan "Rəğaib" namazı. (əsSunənu vəl-Mubtədəat, səh, 156; İlmu Usulul-Bidə`a, səh 149, 150-51)
11 – Şaban ayında qılınan "Bəraət" qəndili namazı. (əsSunənu vəl-Mubtədəat, səh, 144; İlmu Usulul-Bidə`a, səh 115, 149, 150)
12 – Şaban ayının hər gecəsi qılınan namaz. (əsSunənu vəl-Mubtədəat, səh 140, 143, 156)
13 – Qədr gecəsinin xüsusi namazı, (əsSunənu vəl-Mubtədəat, səh 156) (Qiyamul-Leylə, yəni gecə namazlarına daxil olan, təhəccüd, vitr və təravih namazları istisnadır. Bu namaz tam fərqlidir adı da "qədr gecəsi namazı"dır. Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) belə bir namaz qılmamışdır.)
14 – Həftənin günlərinin namazları, (məsələn, bəzi kəslərin həftə günlərinin adını verdikləri dində əsası olmayan namaz qılmaları. Qılınışı doğru olsa da, niyyətə görə əsli batildir.) (Muxtasaru əl-Fətava əl-Mısriyyə, səh 179)
15 – Həuliyyə namazı. (Muxtasaru əl-Fətəva əl-Hindiyyə, səh 78)
16 – Rəcəb ayının əvvəlində və Şabanın ortasında qılınan "Əlfiyyə" namazı. (Muxtasau əl-Fətəva əl-Mısriyyə, səh 78; əsSunənu vəl-Mubtədəat, səh 179; İlmu Usulul-Bidə`a, səh 86)
17 – Rəcəb ayının birinci cüməsində "İsnə Aşəriyyənin" qıldığı xüsusi namaz. (Muxtasaru əl-Fətəva əl-Mısriyyə, səh 78; əs-Sunənu vəl-Mubtədəat, səh 180)
18 – Üç ayın namazı. (Muxtasaru əl-Fətəva əl-Mısriyyə, səh 78-79)
19 – Səydən sonra qılınan iki rükət namaz. (Mulhiqu bidəul-Həcc vəl-Umrati vəz-ziyərati əxiri kitəbi həccətin-nəbiyyi kəmə ravahə cabir, səh 121)
20 – Bütün gecəni oyaq qalıb namaz qılmaq. (İlmu Usulul-bidə`a, səh 86, 108)
21 – Nafilə namazını camaat şəklində qılmağı davamlı etmək. (Muxtasaru əl-Fətəva əl-Mısriyyə, səh 81)

Bu və sair (qeyd olunan və olunmayan) bidət namazlar vardır ki, bunlardan da çəkinmək lazımdır.

QEYD: BU MƏQALƏNİN HAZIRLANMASINDA MƏNBƏ KİMİ ƏSASƏN: bu üç kitabdan - Seyyid Sabiqin «Fiqhus-Sunnə» kitabı, Əbdül-Əzim əl-Bədəvinin «əl-Vaciz fiy fiqhis-Sunnəti vəl-Kitəbil-Əziz» kitabı və Muhəmməd ibn Ömər ibn Səlim Bəzmulun «Buğyətul-Mutətavvi`i fiy salətit-Tətavvu`i» əsərlərindən istifadə edilmişdir. Son qeyd etdiyimiz əsər digərləri kimi çox qiymətlidir, lakin nafilə namazların "Muqayyəd" bölümünü tam əhatə edir deyilə bilər. Ətraflı məlumat almaq istəyənlər üçün çox məsləhətlidir. Lakin biz bu kiçik yazımızda, yalnız 12 rükətlik nafilə namazlardan daha təfsilatı ilə yazmağa müvəffəq olduq, digər dəfələrdə isə nafilə namazların digər növləri haqqında yazmağa müvəffəq olmağı Allahdan istəyirik!


Hazırladı: Mədinə İslam Universitetinin tələbəsi, Sahib Əsədov
Kateqoriya: Məqalələr | Baxılıb: 1362 | Əlavə edib: abubakr | Reytinq: 0.0/0
Bütün kommentlər: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Qeydiyyat | Daxil ol ]

Sayta daxil ol
Facebook`da səhifələr
• İslam Dininin mərtəbələri •



• İslama Devet •



• Hadith Of A Day •


«MƏDİNƏ» qrupu Facebook`da
MƏDİNƏ qrupuna 
daxil olun!
Axtarış
Kalendar
«  Yanvar 2014  »
B.eÇ.aÇərC.aCümŞnbBzr
  12345
6789101112
13141516171819
20212223242526
2728293031